Türkiyədə skandallar yaratmış “Ergenekon” əməliyyatında həbs edilən və hazırda terrorizmlə yanaşı bir sıra ağır cinayətlərdə ittiham edilənlərdən biri Azərbaycanla çox sıx əlaqələri olan şəxs imiş
Azərbaycan servisi/Aran Agentliyi
Türkiyədə skandallar yaratmış “Ergenekon” əməliyyatında həbs edilən və hazırda terrorizmlə yanaşı bir sıra ağır cinayətlərdə ittiham edilənlərdən biri Azərbaycanla çox sıx əlaqələri olan şəxs imiş. Bunu məhkəmə prosesindən deyil, redaksiyamıza gələn Salman Əliyev adlı vətəndaşımızdan öyrənmişik.
Salman bəy redaksiyamıza yüzlərlə məcburi köçkünün narahatlığını ifadə etmək üçün gəldiyini deyir. Bildirdiyinə görə, həmin adamın - Kamal Aydının terrorizmdə ittiham olunması onları təəssüfləndirməklə yanaşı təəccübləndirib. Ona görə ki, Kamal Aydın vaxti ilə - 1994-cü ildə Azərbaycanda məcburi köçkünlərlə çalışarkən olduqca müsbət insani obrazının xatirə qoyaraq gedib.
Salman bəyin məlumatına görə, Kamal Aydın 4 ay Bərdə və Ağcabədidəki “Türk çadır düşərgə”lərində çalışan 30 nəfərlik türkiyəli heyətin rəhbəri olub. K.Aydın “Türk qızıl cəmiyyətin”in rəhbər vəzifələrini icra edib. O, məcburi köçkünlərin ən adi etiyaclarına belə laqeyd qalmayıb: “Çadırlarda 15 min insan yaşayırdı. Tam əminliklə deyirəm ki, Kamal bəy bu insanların hamısının sevgi-məhəbbətini, hüsn-rəğbətini qazanıb. Onların problemlərini həll etmək üçün mərhum Heydər Əliyevlə, nazirlərlə, dövlət məmurları, millət vəkilləri ilə görüşüb. Bizim xəstələrə yardım ayırmaq üçün Türkiyə dövlətində də maddi vəsaitlərin ayrılmasına nail olub. Kamal Aydın deyəndə biz bütün varlığı ilə insanlara yardım göstərməyə çalışan təmənnasız bir şəxsi düşünürük. Bu cür insanın terrorizmlə hansısa formada əlaqəli olması qəti ağıla batan deyil”.
Kamal Aydınla bağlı xatirələrini danışan qonağımız deyir ki, onunla söhbətlərində həmişə terrora qarşı, qanunçuluq tərəfdarı olduğunu eşidib, hiss edib: “Kamal bəy bizim şəhid anaların əlindən öpüb, onların qarşısında diz çökmüş biridir. O, həmişə terrora, dinc insanlara qarşı törədilən vəhşiliyə lənət oxuyub. O, bir fərqli insan və alimdir. Neçə-neçə kitablara müəlliflik edən ziyalı bir insanın qələmdən başqa silahı ola bilməz”.
“Türk çadır düşərgəsi”ndə yaşamış yüzdən artıq məcburi köçkünün imzası ilə Türkiyə cumhuriyyətinin prezidentinə, baş nazirinə məktub yolladıqlarını deyən Salman bəy qəzet vasitəsi ilə minlərlə vətəndaşımızın adından müraciətlərini təkrar səsləndirməyi vacib bilir: “Bütün fəaliyyətində türk dövlətini, bayrağını, millətini ucaltmış, bizə sevdirmiş bir insanın işinə ədalətli baxılmasını xahiş edirik. Düşünürük ki, bu adamın terrorla əlaqəli olması mümkün deyil”.