Nigeriyada hakimiyyət prezidentlik müddətinə qoyulan qadağanı dəyişdirə bilməyib
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycanın adı beynəlxalq hesabatlarda dəfələrlə Uqanda, Zimbabve və Nigeriya kimi ölkələrlə yanaşı çəkilib. Bir çox beynəlxalq təşkilatlar müxtəlif vaxtlarda söz azadlığından tutmuş insan haqlarının durumuna, iqtisadi inkişafın səviyyəsinə qədər ölkəmizi bu «üçlüyə» tay tutublar.
Görəsən, bu qiymətləndirmələr haqlıdırmı? Ümumiyyətlə, Uqanda, Zimbabve və Nigeriya haqqında nə bilirik?
Uqanda təcrübəsi
Şərqi Afrikada yerləşən Uqanda Respublikası 9 oktyabr 1962-ci ildə müstəqillik qazanıb. Paytaxtı Kampala şəhəridir. Əhalisi 31,4 milyon nəfərdir. Doğulan hər min uşaqdan 66-sı ölür. Orta yaş həddi kişilərdə 51, qadınlarda 53-dür. Uqanda avtoritar prezident respublikasıdır.
Tez-tez hərbi çevrilişlərin baş verdiyi Uqandada 20 il davam edən vətəndaş müharibəsi 2008-ci ilin fevralında başa çatıb. Avtoritar prezident ölkəsi olan Uqandanın iqtisadiyyatının 95%-ni… kofe istehsalı təşkil edir. Belə demək mümkünsə, ölkə kofenin qiymətinin enib-qalxması ilə nəfəs alır. 2007-ci ilin yekunlarına görə, Uqandanın Ümumi Daxili Məhsulu 29,036 mlrd. dollar (adambaşına 381 dollar) olub.
Zimbabve statistikası
Afrika qitəsinin cənubunda yerləşən Zimbabve Respublikası 11 noyabr 1965-ci ildə müstəqillik qazanıb. Paytaxtı Xarare şəhəridir. Əhalisi 12,5 milyon nəfərdir. BMT-nin hesablamalarına görə, əhalisinin 24,6 faizi QİÇS virusunun daşıyıcısıdır.
1987-ci ildən Zimbabvedə prezident postuna Rober Muqabe yiyələnib. Konstitusiyaya görə prezident 5 il müddətinə seçilir. Bir şəxsin bir neçə dəfə prezident seçilməsinə Ana Yasa heç bir məhdudiyyət qoymur. Ona görə də Muqabe 5 ildən bir formal seçkilər keçirib özünü qalib gəlmiş elan edir.
Zimbabvedə inflyasiya ən yüksək səviyyəyə çatıb. Son məlumatlara görə inflyasiya 9 miyon faizə çatıb. Artıq pul çap etmək üçün ölkədə kağız qıtlığı yaranıb. Əhalinin böyük əksəriyyəti aclıq keçrir. Burada insanlar ölməmək üçün hətta palçıq yeyirlər. Baxmayaraq ki, ölkə təbii sərvətlər sarıdan boldur: qızıl, nikel, kömür, xrom, vanadium, platin metallar qrupu və s. Bir zamanlar kəd təsərrüfatı məhsullarının ixracatçısı olan Zimbabve Muqabenin ağlasığmaz aqrar islahatları (torpaqların ağlardan alınaraq qaralara verilməsi) nəticəsində indi özü həmin məhsulları idxal edir. 2007-ci ilin yekunlarına görə, Zimbabvenin Ümumi Daxili Məhsulu 27,085 mlrd. dollar (adambaşına 2000 dollar) olub.
Nigeriyada Konstitusiya dəyişikliləri baş tutmayıb
Qərbi Afrikada yerləşən Nigeriya Federativ Respublikası 1 oktyabr 1960-cı ildə müstəqillik qazanıb. Paytaxtı Abuca şəhəridir. Əhalisi 146,5 milyon nəfərdir. Doğulan hər min uşaqdan 66-sı ölür. Orta yaş həddi kişilərdə 46, qadınlarda 47-dir.
Nigeriyada prezident 4 ildən bir seçilir. Bir şəxs iki dəfədən artıq prezident seçilə bilməz. 2006-cı ildə Nigeriya Senatı bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasını nəzərdə tutan Konstitusiyaya dəyişiklikləri rədd edib. Nigeriya dünyada ən böyük neft istehsalçılarından biridir – günə 2 milyon barrel. Ölkə iqtisadiyyatı tamamilə neftdən asılı hala salındığından, kənd təsərrüfatı məhsullarından indi yalnız kakao istehsal edilir. Korrupsiya və məmur özbaşınalığı xarici investorları bu ölkədən qaçaq salıb. 2007-ci ilin yekunlarına görə, Nigeriyanın Ümumi Daxili Məhsulu 27,085 mlrd. dollar (adambaşına 2000 dollar) olub.