Bəyanatı Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Ermənistan Milli Konqresinin forumunda deyib
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
"Qarabağ məsələsi həll edilməyənədək Ermənistan – Türkiyə münasibətləri düzəlməyəcək, Türkiyə-Ermənistan sərhədi açılmayacaq”. Bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Ermənistan Milli Konqresinin birinci forumunda deyib. Məlumatı “Novosti-Armeniya” agentliyi yayıb.
“Amma bu metodoloji prinsipin reallaşması Qarabağ münaqişəsinin həlli prosesində, əsasən də Azərbaycana təsiri məsələsində Türkiyənin mövqeyinin nə qədər konstruktiv və qərəzsiz olmasından asılı olacaq”, deyə Petrosyan bəyan edib.
Ter-Petrosyan qeyd edib ki, Türkiyə tərəfi Türkiyə-Ermənistan münasibətlərinin həlli məsələsində qondarma erməni soyqırımı ilə bağlı Ermənistan-Türkiyə tarixçilərindən ibarət komissiyasının yaradılmasını da nəzərdə tutur.
Xatırladaq ki, Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan hələ 2005-ci ildə Osmanlı İmperiyasında 1915-ci ildə baş verən və ictimaiyyətə erməni soyqırımı kimi təqdim edilən hadislərin araşdırılması üçün tarixçilərdən ibarət birgə komissiyanın yaradılması təşəbbüsü ilə çıxış etmişdi.
“Bu yaddan çıxmış ideya, Serj Sarkisyan tərəfindən ehtiyatsıczasına siyasi gündəmə gətirildi. Bu, həm Qarabağ münaqişəsinin həllinə mane ola bilər, həm də Ermənistan-Türkiyə münasibətlərinin düzəlməsinə qarşı ola bilər. Çünki bir tərəfdən Trükiyə belə bir komissiyanın yaradılmasından imtina edəcək, digər tərəfdən isə Sarkisyan hətta çox istəsə belə ictimai fikrin təzyiqi altında bu ideyanın reallaşmasında uğur əldə edə bilməyəcək”, deyə Petrosyan bəyan edib.
Ermənistan və Türkiyə arasında diplomatik əlaqələr mövcud deyil. İki ölkə arasında sərhəd 1993-cü ildən rəsmi Ankaranın təşəbbüsü ilə bağlıdır.