Dənizkənarı Milli parkın ərazisindən keçən 500 mm-lik magistral qaz kəmərində güclü qaz sızması qeydə alınıb
Azərbaycan servisi/Aran Agentliyi
Dənizkənarı Milli parkın ərazisindən keçən 500 mm-lik magistral qaz kəmərində güclü qaz sızması qeydə alınıb. Məlumatı ANS press-ə “Azəriqaz” Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı verib. Onun sözlərinə görə, qaz sızması bu gün aşkarlanıb və dərhal həmin xəttlə qaz verilişi dayandırılıb. Bu gün axşam saatlarında isə kəmərin təmirinə başlanılıb. Kamandar Eyvazlı bildirib ki, təmirlə əlaqədər paytaxtın Səbail və Nəsimi rayonlarının müəyyən ərazilərində qazın təminatı məhdudluşdırılacaq. Təmir işləri tam yekunlaşdıqdan sonra qaz təminatı bərpa olunacaq. Lakin təmirin nə qədər davam edəcəyi hələlik məlum deyil.
Kamandar Eyvazlı qaz sızmasının səbəblərinə də aydınlıq gətirib. Onun sözlərinə görə, yeraltı borular köhnəlib və onlarda korroziya baş verib. Bu səbəbdən də sızma olub.