Tarix : 2008 Dec 23
Kod 9386

Hacı Allahşükür Paşazadə ''Reproduktiv sağlamlıq haqqında'' qanun layihəsinə etiraz edib

Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında» qanun Azərbaycana qarşı ədalətsizlik və böyük müharibədir
Azərbaycan servisi/Aran Agentliyi
«Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında» qanun Azərbaycana qarşı ədalətsizlik və böyük müharibədir». Bu sözləri Hacı Allahşükür Paşazadə bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, süni mayalanma ilə bağlı Milli Məclisə çıxarılan məsələ onu narahat edir. «Bu, İslama qarşıdır. Bunu qəbul edə bilmərik. Şəriətdə insanın artırılması öz halalı ilə mümkündür».

Şeyx bildirib ki, bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Milli Məclisə müraciət etməli və öz etirazını bildirməlidir. «Əgər buna əməl olunmasa , biz buna kəskin etirazımızı bildirəcəyik».

Xatırladaq ki, dekabrın 19-da Milli Məclisdə “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə edilib. Müzakirələrdən sonra Milli Məclisin sədri Oqtay Əsədov sənəddə bəzi boşluqların olduğunu və layihənin daha da təkmilləşdirilməsi üçün işçi qrupuna göndərilməsini təklif edib. Spiker bildirib ki, qanun layihəsi təkmilləşdirildikdən sonra ona parlamentin yaz sessiyasında baxıla bilər.
 
  • Yazılıb
  • da (də) 2008 Dec 23