Tarix : 2008 Dec 23
Kod 9388

BAKI KƏNDLƏRİ QAZ ÜZÜNƏ HƏSRƏT QALIB

Xəbər verdiyimiz kimi, “Azəriqaz” Səhmdar Cəmiyyəti, 9 rayon istisna olmaqla bütün ölkə ərazisində təbii qazın verilişini məhdudlaşdırıb
Azərbaycan servisi/Aran Agentliyi

Səbəb isə əhalinin istifadə etdiyi mavi yanacağın haqqını ödəməməsidir. Belə ki, əhali kateqoriyasının təkcə bu ilin 11 ayında “Azəriqaz”a yaranan borcu 36 milyon manat təşkil edir. Maraqlıdır ki, qazı kəsilən ərazilər arasında paytaxtın bir sıra rayonları və kəndləri də var.

Faktiki, Novxanıda, Buzovnada, Nardaranda, Maştağada əhali qaz üzünə həsrət qalıb. Bəzi ərazilərdə isə qazın təzyiqi o qədər azadılıb ki, vətəndaşlar yanacaq kimi odundan, maye qazdan istifadə edir. Azərbaycanın bir sıra transmilli layihələrə qoşulduğu, Gürcüstana, İrana qaz satdığı zamanda ölkə vətəndaşlarının təbii qaza həsrət qalması absurd hesab olunur. Xüsusilə soyuq qış günlərində belə bir addımın atılması əhali tərəfindən onlara qarşı terror kimi qəbul edilir.

“Azəriqaz”ın isə məsələyə münasibəti birmənalıdır. Qurumdan hesab edirlər ki, istehlak olunan qazın pulu ödənməlidir. Yalnız bundan sonra qazın verilişi bərpa edilə bilər.

  • Yazılıb
  • da (də) 2008 Dec 23