Dekabrın 22-də Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının iclasında "Təhsil haqqında" Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirə olundu
Azərbaycan servisi/Aran Agentliyi
Layihənin birinci oxunuşundan sonra, rəy və təkliflər nəzərə alınaraq, sənəd daha da təkmilləşdirilmişdir. Bu sırada, nəzəri cəlb edən əsas məqamlardan biri – təhsil müəssisələrinə hicabla gəlməyə qadağa ilə bağlı olan anlaşılmaz müddəanın layihədən çıxarılmasını xüsusilə vurğulamaq gərəkdir. Belə ki, layihənin əsas müddəaları barədə məlumat verən Milli Məclisin komissiya sədri Şəmsəddin Hacıyev diqqətə çatdırdı ki, təhsil müəssisələrində geyimlə bağlı maddə layihədən tamamilə çıxarılmışdır. Ümumiyyətlə isə, qanun layihəsində bir sıra yeniliklər öz əksini tapmışdır.
Sənədi şərh edən DEVAMM sədri İlqar İbrahimoğlu bildirmişdir ki, layihənin hazırki redaksiyada qəbulu, hicabla bağlı dini etiqad azadlığını pozan müddəanın qanundan çıxarılması – irəliyə doğru böyük bir addımdır: «Hesab edirik ki, insan haqlarının müdafiəsi baxımından ölkəmizdə önəmli bir addım atılmışdır. Dini etiqad azadlığını pozan maddəni qanun layihəsindən çıxarılması – sağlam zəkanın qalib gəlməsinin göstəricisi olmaqla bərabər, dövlətçiliyin, insan haqları ilə, vətəndaşların hüquq və azadlıqları ilə bağlı atılmış önəmli bir addımdır. İnanclı insanlar bu sahədə zəhməti olan bütün şəxslərə öz minnətdarlıqlarını bildirirlər».
DEVAMM sədri bu addımın insan haqlarının qorunması sahəsində bir müsbət tendensiya olacağı barədə ümidli olduğunu da ifadə etdi.