Məlumatlı mənbə bildirir ki, K.Heydərov ölkə daxilində ən çox uçan məmurlardandır
Azərbaycan servisi/Aran Agentliyi
“İlk dəfə ölkə daxilində ordudan istifadə edildi; bu hərəkət Kəmaləddin Heydərovdan daha güclünün olması mesajı kimi qəbul olunmalıdır”
Ötən saylarımızda “Turan” informasiya agentliyinin yaydığı bir xəbər əsasında hazırlanmış “Kəmaləddin Heydərovun vertolyotuna hücum olub” başlıqlı manşet yazısı dərc etmişdik. Həmin yazıda göstərilirdi ki, hörmətli nazir həftəsonunu keçirmək üçün öz vertolyotu ilə Qəbələ rayonuna uçmaq istəyib. Lakin vertolyot havaya qalxandan bir neçə dəqiqə sonra Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus qırıcıların hücumuna məruz qalıb. İçində Kəmaləddin Heydərovun olduğu həmin vertolyotu yerə enməyə məcbur ediblər.
“Turan” bildirirdi ki, vertolyotun içində olanlar o dərəcədə həyəcan keçiriblər ki, K.Heydərov o zamandan hava maşınına minmir.
O zaman məlum olmuşdu ki, HHQ-nin qırıcılarının bu cür davranışına səbəb vertolyot pilotunun uçuş üçün lazım olan icazəni almaması olub. Qəzetimizin araşdırması nəticəsində o da məlum olmuşdu ki, qırıcıların təhdid etdiyi ilk saniyələrdə K.Heydərov telefonla müdafiə nazirini arayıb, lakin ölkənin müdafiə naziri həmin vaxt istirahətdə olub: “Bundan sonra Hərbi Hava Qüvvələrinin komandanı Rail Rzayevə zəng edən Kəmaləddin Heydərov onunla çox sərt danışıb və bildirib ki, heç kim onun yolunu kəsə bilməz. Ancaq Rail Rzayev onun diqqətinə çatdırıb ki, ölkə ərazisində istənilən hava uçuşları ilə bağlı müvafiq qurumlar və Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələri rəsmi şəkildə məlumatlandırılmalıdır. Buna görə də Kəmaləddin Heydərova uçuşu davam etdirməyə imkan verilməyib” (“Yeni Müsavat”, 19.12.08, N 336 (3958)).
İndi isə müxbirimizə bu hadisənin dəhşətli təfərrüatları və pərdəarxası məqamları da məlum olub.
Məlumatlı mənbə bildirir ki, K.Heydərov ölkə daxilində ən çox uçan məmurlardandır. O, Qəbələyə və başqa bölgələrə vertolyotla getməyi bir növ adət halına salıb və bu zaman heç bir qurumdan müvafiq icazə istəməyib. Məlum hadisə baş verən gün də bu cür olub. Pilot vertolyotu havaya qaldırıb və Qəbələyə doğru uçuşa başlayıb. Lakin bu dəfə Azərbaycan tarixində ilk dəfə olaraq HHQ-nin qırıcıları ölkə daxilində uçuşu həyata keçirən bir obyektə hücum edib. Bundan beləsini mənbəmizin yorumunda təqdim edək: “Əmrə tabe olmadığı üçün onun vertolyotuna hətta xəbərdarlıq atəşi də açılıb. Nazir məhz bundan sonra qorxuya düşərək və durumun ciddi olduğunu anlayaraq öz pilotuna qırıcıların əmrinə tabe olmaq və geriyə dönmək göstərişi verib. Azərbaycan tarixində ilk dəfədir ki, daxildə ordudan, xüsusilə də onun Hərbi Hava Qüvvələrindən istifadə olunur. Bu, əlində böyük güc toplamış Heydərova və hər kəsə mesajdır; ən güclünün kim olduğunu və istənilən anda bir əmrlə məhv edilə biləcəklərini yaxşı bilsinlər! İqtidardakı güclərə və güclülərə hədləri göstərildi. Həm də kritik anda rəhbərin orduya stavka edə biləcəyi başa salındı. O da nümayiş etdirildi ki, kim olmağından asılı olmayaraq ordu ancaq bir adamın əmrinə tabedir; bir başqasının çığır-bağırını və göstərişlərini eşitməz...”
Başqa bir versiyada isə bildirilir ki, K.Heydərov prezidentin xarici səfərlərindən birinə uçuşu zamanı vertolyotuna hərəkət əmri verib. Həmini vaxtsa ölkədə “hava trası” olur və hərəkətlənən hər bir uçan obyekt vurula bilər. Məhz bu səbəbdən də K.Heydərovun vertolyotuna xəbərdarlıq atəşi açılıb.