Bunu Ermənistan silahlı qüvvələrinin mülki Azərbaycan vətəndaşını qətlə yetirməsinə münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib
Azərbaycan servisi/Aran Agentliyi
"Ermənistan silahlı qüvvələrinin dinc sakinləri qətlə yetirməsi danışıqlar prosesinə mənfi təsir göstərir”. Bunu Ermənistan silahlı qüvvələrinin mülki Azərbaycan vətəndaşını qətlə yetirməsinə münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib. X. İbrahimin sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsində dinc sakinləri atəşə tutması və qətlə yetirməsi mütəmadi olaraq baş verir: “Biz Ermənistanın bu addımları ilə bağlı məsələni ATƏT, Avropa Şurası və digər təşkilatlar qarşısında qaldırırıq. Ermənistanın bu hərəkətləri yolverilməzdir və bu, danışıqlar prosesinə mənfi təsir göstərir”.
Xatırladaq ki, dekabrın 23-də saat 17 radələrində tərtər rayonunun cəbhə xəttində yerləşən Həsənqaya kəndi yaxınlığında Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində dinc sakin Akif Mehman oğlu Şəldiyev qətlə yetirilib. O , artıq doğulduğu Tərtər rayonunda torpağa tapşırılıb. 55 yaşlı Akif Şəldiyev Tərtər rayon sakinidir və həmin vaxt ərazidə mal-qara otarırmış. Yerli sakinlər bildirib ki, dekabrın 23-də Həsənqaya kəndi istiqamətində ermənilərin atəşkəsi pozması müşahidə edilib və güman ki, Tərtər sakini də həmin ərəfədə qətlə yetirilib. Mərhum ərazidə tək olduğundan ailə üzvləri onun ölümündən gecə xəbər tutub.
Tərtər rayon mərkəzi xəstəxanasında meyidin üzərində aparılan müayinədən sonra məlum olub ki, mərhum 1 güllə yarası alıb. Döş qəfəsinin ürək nahiyəsindən girən güllə kürəyindən çıxıb. Qohumlarının dediyinə görə həmin ərazidə təsərrüfatla məşğul olan Akif Şəldiyev buna qədər də bir neçə dəfə atəşə məruz qalıb və bir il əvvəl onun təsərrüfatındakı mal-qaranın üçü ermənilərin atdığı güllədən tələf olub.