Dünən saat 12:00 radələrində Müsavat Partiyasının fəalları konstitusiyaya edilən dəyişikliklərə etiraz əlaməti olaraq Konstitusiya Məhkəməsinin (KM) qarşısında piket keçirdi
Azərbaycan servisi/Aran Agentliyi
Dünən saat 12:00 radələrində Müsavat Partiyasının fəalları konstitusiyaya edilən dəyişikliklərə etiraz əlaməti olaraq Konstitusiya Məhkəməsinin (KM) qarşısında piket keçirdi. KM-in binası səhər saatlarından etibarən polis tərəfindən mühasirəyə alınmışdı. “İçərişəhər” metrosu, Mərkəzi Univermaq, İçərişəhər və “Torqovı” istiqamətlərində polis postları qurulmuş, KM binası istiqamətində hərəkət faktiki olaraq qadağan edilmişdi. Piketdən az öncə isə əraziyə mülki geyimli naməlum şəxslər yerləşdirilmişdi.
Aksiyanı dağıtmağa gətirilmiş 200-dən artıq polis və mülki geyimli dəstəyə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev və Səbayel rayon Pİ-nin rəis müavini Kamil Vəlişov rəhbərlik edirdi.
Saat 12:00-da 25-dən artıq piket iştirakçısı əllərində “Xalq kral istəmir!”, “Rədd olsun monarxiya!”, “Yaşasın respublika!” şüarları tutaraq KM binasına tərəf hərəkətə başladı. Mülki geyimli şəxslər K.Vəlişovun göstərişi ilə aksiyaçıların üstünə hücuma keçdi. Onlar etirazçılarla amansızcasına davranırdı. Aksiya dağıdılarkən polis və mülki geyimli şəxslər etirazçıları yumruqlayıb döyürdü. Qarşıdurma təxminən 10 dəqiqə çəkdi. Polis iştirakçıların əlindəki şüarları alıb cırdı.
Müsavat Partiyası Xətai rayon təşkilatının sədri Mustafa Hacıbəyli, Gənclər Təşkilatının sədri Tural Abbaslı və müavini Əhəd Məmmədli, partiya fəallarından Murad Kərimov, Yaşar Türkazər, Ayaz Bəyturan həbs edildi. Onlar “Torqovı” küçəsi ilə polis bölməsinə aparılarkən “Rədd olsun monarxiya!”, “Yaşasın respublika!” şüarlarını səsləndirirdi. T.Abbaslının şüar deməsinə mane olmaq istəyən mülki geyimli şəxs onun ağzını əlləri ilə qapayırdı. Polis bölməsinə aparılanların səsləndirdiyi şüarlara küçədən ötən sadə vətəndaşlar da dəstək verirdi. Onlar aksiyaçıları dəstəklədiklərini bildirib, onların dərhal azad olunmasını tələb edirdilər.
Həbs edilənlər 39-cu polis bölməsinə aparıldı. Sonra əsasən Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının fəallarından ibarət qrup “Torqovı”da “Rədd olsun diktatura!”, “Yaşasın respublika!” şüarları səsləndirərək KM binasına doğru irəlilədi. KM binası önündə Müsavat fəalı Vəfa Cümşüdlü çıxış edirdi. Bu zaman ərazidə olan BŞBPİ-nin rəis müavini Yaşar Əliyev V.Cümşüdlünün həbsinə göstəriş verdi. Polis V.Cümşüdlünü, Sumqayıt şəhər təşkilatının sədr müavini Fəxrəddin Abbası və Ağası Şakiroğlunu həbs edib onları da 39-cu polis bölməsinə apardı. Bununla da aksiya başa çatdı.
Sonda Müsavat fəalları piketin qətnaməsini jurnalistlərə və vətəndaşlara payladılar. Qətnamədə hakim partiyanın bir şəxsin 2 dəfədən artıq prezident seçilməsi ilə əlaqədar olan limitin aradan qaldırılması tələbi pislənir. Orada deyilir: “15 oktyabr 2008-ci il prezident seçkilərindən dərhal sonra YAP-dan olan bəzi deputatların konstitusiya dəyişikliyi ilə bağlı referendum keçirilməsi tələbi ilə çıxış etməsi, heç bir sosial sifariş və lüzum olmadan, cəmiyyətdə ətraflı müzakirələr aparılmamış, bu istiqamətdə tez-tələsik qərarların qəbul edilməsi hakimiyyət nümayəndələrinin ölkədə mövcud olan avtoritar rejimin daha da möhkəmləndirilməsinə xidmət edir. Bütün sivil dünyada tətbiq olunan və Azərbaycan Konstitusiyasında öz əksini tapmış bu demokratik müddəanın dəyişdirilməsi istiqamətində parlament çoxluğundan istifadə etməklə atılan addımlar hakimiyyət dairələri tərəfindən Azərbaycanın gələcək inkişaf konsepsiyasının dəyişdirildiyini, hətta demokratiya imitasiyasından imtina edildiyi, ölkədə geridə qalmış Afrika və Asiyanın avtoritar ölkələri tipində bir cəmiyyət yaradılması xəttinin götürüldüyünü göstərir. Müxalifət partiyalarının 24 dekabr 2008-ci il tarixində Konstitusiya Məhkəməsi qarşısında keçirdiyi piketin iştirakçıları qeyd edilənləri nəzərə alaraq bu qurumdan bir şəxsin iki dəfədən artıq prezident seçilməsi ilə bağlı limitin aradan qaldırılması ilə əlaqədar Milli Məclisin müraciətinə mənfi rəy bildirməsini tələb edir”.
Qeyd edək ki, polis həbsləri aksiya başlamazdan öncə də aparıb. Müsavat Partiyası Nəsimi rayon təşkilatının sədri Hüseyn Məlikov, AXCP üzvləri Ramiz Əhədov və Tofiq Niftiyev piketdən öncə saxlanılıb. Onlar Lökbatan qəsəbəsi ərazisində kimsəsiz və nəqliyyatsız bir yerə aparılaraq, maşından düşürülüblər.
Aksiya zamanı Mustafa Hacıbəyli gözündən xəsarət alıb. Həbs edilənlərdən polis bölməsində izahat alınıb və onlara xəbərdarlıq edilib.
Müsavat deputat qrupunun üzvləri - millət vəkilləri Arzu Səmədbəyli ilə İkram İsrafil polis bölməsinə gedəndən sonra aksiyaçılar sərbəst buraxıldı. Ümumilikdə aksiya zamanı 12 nəfər saxlanılmışdı. Onu da deyək ki, piketdə bir neçə müxalifət partiyasının iştirakı nəzərdə tutulsa da, aksiyada yalnız müsavatçılar iştirak etdi.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı qəzetimizə açıqlamasında piketin baş tutduğunu bildirdi: “Piketdə əsas məqsəd Azərbaycanda həyata keçirilən antidemokratik konstitusiya dəyişikliklərinə etiraz etməkdən, ictimai və beynəlxalq diqqəti məsələyə yönəltməkdən ibarət idi. Piket həm Azərbaycan, həm də xarici mətbuat tərəfindən ətraflı işıqlandırıldı. Piketin gedişini yerli və beynəlxalq təşkilatların nümayəndələri də müşahidə etdi. Bundan sonra da etiraz aksiyalarının keçirilməsi məsələsi gündəmdədir”.
Dünən Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da piketə münasibət bildirib: “Hər kəsin konstitusiya dəyişikliklərini dəstəkləmək və ya buna etiraz etmək hüququ var. Konstitusiya islahatlarına qarşı kiminsə etiraz etməsi onun təbii haqqıdır. Buyursunlar, eləsinlər. Cəmiyyətdə nə qədər siyasi partiya varsa, bir o qədər də fərqli fikir var. Konstitusiya islahatları ilə bağlı ictimai təşəbbüs olub. Bir qrup deputat tərəfindən təşəbbüs irəli sürülüb və dəstəklənib. Bu dəyişikliklərin Azərbaycana lazım olub-olmadığını xalq müəyyən edəcək” (APA).
BŞBPİ-nin rəis müavini Y.Əliyev APA-ya açıqlamasında razılaşdırılmamış etiraz aksiyalarına imkan verilməyəcəyini bildirib: “Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan paytaxtda keçiriləcək istənilən kütləvi aksiyanın qarşısı alınacaq. BŞİH-in razılığı olmadan hər hansı siyasi təşkilatın aksiya keçirməsinə yol verilməyəcək”.