Tarix : 2008 Dec 27
Kod 9474

BAKIDA İSLAM MƏDƏNİYYƏTİNİN PAYTAXTI MƏRASİMİ KEÇİRİLƏCƏK

İslam Mədəniyyəti Paytaxtı İlinin açılış mərasimi 2009-cu ilin fevralın 18-i və 19-da Heydər Əliyev Sarayında keçiriləcək
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ

“Azərbaycanda turizmə dair Dövlət Proqramının qəbul olunmaması bizi narahat edən əsas məsələlərdən biridir. Bu məsələ bugünkü kollegiyada müzakirə olunacaq. Azərbaycan bu gün turizm sahəsində çox böyük sürətlə inkişaf edir. Bir neçə ildən sonra turizm sahəsi qeyri-enerji sektorunda özünəməxsus ciddi yer tutacaq”. Bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir APA-ya açıqlamasında bildirib ki, bütün bu kimi məsələlərin həll olunması üçün bir sıra addımlar atılacaq: “Ən əsas məsələ ondan ibarətdir ki, ilk dəfə olaraq Azərbaycan paytaxtı Bakı şəhəri İslam Mədəniyyətinin paytaxtı olacaq. Bu tədbir çərçivəsində fevralın ortalarından etibarən bir il müddətində müxtəlif beynəlxalq proqramların keçirilməsi nəzərdə tutulur. Hesab edirəm ki, il çox maraqlı, zəngin olacaq və mədəniyyət sahəsində irəliləyişlərin həyata keçməsinə əsas verəcək”.

Nazir onu da deyib ki, 2009-cu ildə Bakı şəhərinin İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə bağlı keçiriləcək tədbirlər barədə məlumatlar Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində yanvarın 1-dən etibarən nazirliyin rəsmi internet saytında yerləşdiriləcək. Ə. Qarayevin sözlərinə görə, İslam Mədəniyyəti Paytaxtı İlinin açılış mərasimi 2009-cu ilin fevralın 18-i və 19-da Heydər Əliyev Sarayında keçiriləcək. İki günlük açılış mərasimində müxtəlif ölkələrin nümayəndələri üçün konsert proqramı təşkil olunacaq.

  • Yazılıb
  • da (də) 2008 Dec 27