Tarix : 2008 Dec 27
Kod 9475

İÇƏRİŞƏHƏR «CÜMƏ» MƏSCİDİNİN DİNİ İCMASI MƏHƏRRƏM-SƏFƏR ƏYYAMI İLƏ BAĞLI FƏALİYYƏT PLANINI AÇIQLADI

Məhərrəm-səfər əyyamının yetişməsi ilə əlaqədar İçərişəhər «Cümə» məscidinin dini icması bu dönəmlə bağlı fəaliyyət planını açıqlamışdır
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ

Planı təqdim edən İçərişəhər «Cümə» məscidinin imam-camaatı, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) rəhbəri Hacı İlqar İbrahimoğlu vurğulamışdır ki, məhərrəmlik İslam dünyasında insanlara mərdlik, fədakarlıq, şücaət və hər mənada kamilliyi öyrədən bir dönəm kimi qəbul olunub. Və icma bu dəyərlərin toplumda maarifçiliyini aparmağı özünün ən ümdə vəzifələri kimi görür.

    Bu mərama uyğun olaraq, məhərrəm və səfər ayları ərzində (2008-ci ilin dekabrın sonundan 2009-cu ilin fevralın sonunadək)seminarların, dəyirmi masa və konfransların keçirilməsi nəzərdə tutulur. Bu tədbirlərdə əsas etibarilə fədakarlıq, şücaət, ixlas, prinsipiallıq, sədaqət, rəhmlilik, şəfqət, dönməzlik, sınaqlar qarşısında səbir və təmkin, qəhrəmanlıq, yenilməzlik kimi keyfiyyətlərin Kərbəla məktəbi prizmasından açılışını vermək nəzərdə tutulur.

    Ayın fəlsəfəsinə uyğun olaraq, insanlığa xidmət məqsədilə uşaqlara qanvermə kampaniyasının keçirilməsi də planlaşdırılır. Artıq 9 ildir ki, İçərişəhər «Cümə» məscdinin təsis etdiyi «Əsmaül-Hüsna» proqramı fəaliyyət göstərir. Proqram çərçivəsində yüzlərlə «qan bacı və qardaşı» olan könüllü donorlar himayələrində olan talassemiyalı uşaqların qana olan həyati ehtiyacını mütəmadi olaraq təmin edirlər.

    Mübarək dinimizin həm şadlıq, həm də qəm fəlsəfəsi var. Əsrlər boyudur ki, xalqımız məhərrəm ayında, Aşura günü ətrafında önəmli bir qəm fəlsəfəsini yaşayır. Və dini icma qəm fəlsəfəsini, şəhidə əza saxlamağın hikmətini cəmiyyətə çatdırmaq vəzifəsini vacib məsələlərdən sayır. İnsanın duyğu və hisslərini tərbiyə etmək məqsədinə nail olmaq, qəlbin riqqətli olması, şəfqət və mərhəmət kimi hisslərin vücudda qərarlaşması ilə yanaşı, bu – şəhidin idealları, dəyərləri ilə həmahəngliyə nail olmaq üçün zəruri bir yoldur. Topluma bu mövzuları çatıdrmaq üçün həm müvafiq materiallarla KİV-də çıxış etmək, həm müzakirə və debatlar təşkil etmək, həm də əzadarlıq məclisləri düzənləmək nəzərdə tutulur.

    Məhərrəmlik ideallarının çatdırılmasının estetik tərəfləri də icmanın diqqət mərkəzindədir. İcmanın təsis etdiyi «Əhli-beyt (ə) aşiqləri» dini-yaradıcılıq qrupu və «İntizar» yaradıcılıq studiyası yeni mərsiyə, növhə və rövzələrin işlənməsi, klassik Azərbaycan ədəbiyyatından söz incilərini arayıb, müasir anlam üslubuna uyğunlaşdırılması və lazım gəldikdə, uyğun oranjimanla formalaşdırılması vəzifəsini həll etməkdədir.

    «Cümə» məscidinin dini icması İslamda kamil qadın obrazının açıqlanmasını əsas vəzifələrdən biri kimi görür. Və bu kontekstdə Kərbəlanın qəhrəman qadınları, ilk növbədə, Həzrət Zeynəb (s.ə.) fenomenini öyrənmək məqsədilə «Dar-ül-İslam» disput mərkəzi və İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası çərçivəsində tədqiqatların aparılması nəzərdə tutulmuşdur. Həmçinin, burada «Kərbəla cavanları», «Kərbəla ağsaqqalları» kimi nümunəvi şəxsiyyət fenomenlərinin də araşdırılması nəzərdə tutulmuşdur.

    İmam Hüseynin (ə) Ərbəini – şəhadətinin 40-cı günü üçün də xüsusi tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bunlar həm maarifçilik təmayüllü, həm xeyriyyəçilik istiqamətli, həm də əzadarlıq məclislərinin təşkili yönündə olan tədbirlər toplusundan ibarətdir.

    Hacı İlqar onu da vurğuladı ki, Aşura dəyərlərinin tək məhərrəmlik dönəmi ilə məhdudlaşmaması yönündə də geniş fəaliyyətə ehtiyac var: «Yalnız məhərrəm ayından məhərrəm ayına dinə, imana sahib çıxmaq Allah dərgahında bəyənilən iş deyil. Vacibdir ki, insan hər zaman Allaha bəndəlik etməyə çalışsın».

  • Yazılıb
  • da (də) 2008 Dec 27