Tarix : 2008 Dec 27
Kod 9481

YAZIÇI ŞEYX ROLUNDA

Gerçəkdən, hər bəd işdə bir yaxşı rüşeymi varmış
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ

O mənada ki, ömürlük prezidentlik məsələsi sanki bir testə çevrildi, gizli niyyətlərə güzgü tutdu, ölkədə kimin hansı məzhəbə qulluq etdiyinə bir daha yəqinlik gətirdi. Həmçinin, "milli elita", şəxsiyyətin deqradasiyası kimi həssas məsələlərə, mənəvi-psixoloji xarakterli digər problemlərə işıq saldı; gümanlar duruldu.

Müəyyənləşmə prosesi davam edir. Artıq nəticələr də var. Məsələn, Azərbaycanın geriyə sürükləndiyi hazırkı məqamda tanınmış yazıçı-dramaturq Rüstəm İbrahimbəyovun ömürlük prezidentliyə qarşı çıxması "aydın səmada şimşək" effekti doğurdu. Ona görə ki, İbrahimbəyovun sözünün çəkisi var. Sözün çəkisi varsa, demək, o, cəmiyyəti, siyasi kəsimi silkələmək gücündədir.
Ziyalılıq elə budur - həlledici anda milli maraqlara zidd planlara qarşı getmək, xalqın mənafeyini öndə tutmaq. Həm də bunu açıq formada, çəkinmədən etmək. Üstəlik, elə bir dövrdə ki, toplum dərin mənəvi böhran, ruh düşkünlüyü yaşayır.

Əlbəttə, həqiqəti demək üçün qışqırmağa, küçəyə çıxmağa ehtiyac yoxdur. Onu yazmaq da olar, pıçıldamaq da. Əsas odur ki, susmayasan. Susmamaq üçün isə gərəkdi ki, insanda vicdan deyilən bir daxili nəzarətçi, qoruyucu ola. O varsa, insan istər-istəməz haqsızlıqlara, cahilliklərə, anormallıqlara laqeyd qalmayacaq. Həzrəti Peyğəmbərimiz (s.ə.s.) necə buyurub: "Haqqı həyatınız bahasına olsa da deyin". İslam Peyğəmbəri (s) ən böyük cihad elə bunu sayırdı. Zora, zülmə, haqsızlığa, rüşvətə dözən yoxdusa, zülm, haqsızlıq, rüşvət də olmaz!..
"Hesab edirəm ki, ömürlük prezidentlik təşəbbüsü məmurlar tərəfindən ortaya atılmış məsələdir. Bununla da Azərbaycana və onun demokratiyasına böyük zərbə vururlar". Rüstəm İbrahimbəyov srağagünkü çıxışında belə deyib. Doğrudur, yazıçı bəzi məqamlarda sadəlövhlüyə yuvarlanıb, amma istənilən halda onun öz rahatlığını və əmin-amanlığını təhlükə altına ataraq, ziyalı kimi üzərinə düşəni etməsi, ondan gözləniləni dilə gətirməsi təqdiredicidir. Buna görə təşəkkürlər.


Əfsus ki, xalqın, Qarabağın taleyinə bilavasitə dəxli olan məsələdə eyni mövqe hörmətli şeyximiz, müstəqil dini qurumun rəhbəri Hacı Allahşükür Paşazadə tərəfindən sərgilənmədi. Ümumiyyətlə, son 15-16 ildə Şeyx həzrətləri yaddaşlarda daha çox, içi biz qarışıq, ölkə müsəlmanları adından hakimiyyətin ünvanına lüzumsuz dəstək bəyanatları verməsi və reveranslar etməsi ilə, lap dəqiqi, hakimiyyət maraqlarının qızğın müdafiəçisi kimi qalıb, nəinki hüquqsuz xalqın təəssübkeşi qismində. Bununla da toplumda özünün neytral, barışdırıcı imicini ciddi şəkildə zədələyib.
İndi də ömürlük prezidentliyə haqq qazandırmaqla Şeyx sanki YAP-çı, məmur kimi danışır. Halbuki, o, dini rəhbərdir və bu səbəbdən məsələdə ən azından neytral qalmalı, ən çoxundan isə Haqq-Təalanın buyuruşlarını gözləyib müsəlman toplumun mənafeyini güdməlidir. Bu mənada bir inanc adamı kimi məndən ötrü şəxsən Rüstəm İbrahimbəyov daha qiymətli müsəlmandır, ziyalıdır, şeyxdir, nəinki Şeyxin özü. Haqqın, insaniyyətin, səmimiyyətin, tərəqqinin, halalın tərəfini tutduğu üçün; harama, saxtakarlığa, yaltaqlığa, vəzifə hərisliyi və nəfsə qarşı çıxdığı üçün. Hansı naqis keyfiyyətlər ki, müqəddəs kitabımız bəşər övladını onlardan uzaq durmağa çağırır.

***

Vaxtilə ulu şairimiz Nizami Gəncəviyə xalq məhz nüfuzuna, ad-sanına, dürüstlüyünə, hamı tərəfindən sevildiyinə və haqqın yanında durduğuna görə "şeyx" ləqəbi vermişdi. Bu gün həmin missiyanı möhtərəm Paşazadə həzrətləri daşımalıykən, Rüstəm İbrahimbəyov timsalında yazıçı öz çiyinlərinə çəkib. Yazıçı şeyx rolundadır, Şeyx isə...
Görünür, bu da "analoqu olmayan" Azərbaycanın başqa bir reallığı, daha doğrusu, anormallığıdır.

  • Yazılıb
  • da (də) 2008 Dec 27