Azərbaycan servisi/Aran Agentliyi
Dünən Bakıya ilk qar yağdı. Uşaqların və gənclərin səbirsizliklə gözlədiyi qar paytaxta özündən böyük problemlər gətirdi. Gün ərzində şəhərin müxtəlif yerlərində olsaq da, insanların ilk qar sevincini yaşadığını müşahidə edə bilmədik.
Şəhərin demək olar ki, əksər yerlərində gölməçələr əmələ gəlmişdi və parkların çoxunun hasarlanması uşaqların, gənclərin orda qartopu oynamasına mane olurdu. Küçədə söhbət etdiyimiz şəxslər isə ilk qar sevincindən daha çox qarın Bakıya gətirdiyi problemlərdən və bahaçılıqdan şikayət etdilər. 7-ci mikrorayon ərazisində yerləşən parkda işləyən Pənah Mehdiyev bildirdi ki, səhərdən bir nəfərin də qartopu oynadığını görməyib.
“Elə bil insanların üzündən sevinc çəkilib. Ötən il ilk qar yağanda parkda uşaqlar, gənclər, hətta orta yaşlı insanlar qartopu oynayır, Şaxta baba düzəldirdilər. Amma indi park bomboşdur. Camaat bahaçılığın əlindən zara gəlib, kimdi indi qara sevinən”.
“Gənclik” dairəsi yaxınlığında olan bağda tumsatan nənə isə Bakıya qar yaraşmadığını dedi: “Ay bala, Bakıya qar yox, dərd yağdı. Qaz yox, işıq yox, üstəlik də qar yağıb. Axşam şaxta olacaq. Gəl indi buz kimi otaqda yat görüm, necə yatırsan”.
Nəqliyyat Nazirliyi isə “Gənclik” dairəsində qartəmizləyən texnikanı nümayiş etirirdi. Şəhərin mərkəzi hissəsində yollar təmizlənsə də mikrorayonlara və qəsəbələrə gedən yolları yada salan yox idi.