Tarix : 2009 Jan 02
Kod 9634

«MƏNƏVİ SAFLIĞA DƏVƏT» 2009-CU İLİN YANVAR AYINI «HÜZN AYI» ELAN ETDİ

Baş verən olaylar sadəcə tarix səhifələrində qalmış hadisələr deyil. İmam Cəfər Sadiq (ə) buyurur, «Hər gün Aşura, hər yer Kərbəladır»
Azərbaycan servisi/Aran Agentliyi
2009-cu ilin ilk günü «Mənəvi Saflığa Dəvət» İctimai Birliyi Məhərrəm ayı münasibətilə geniş tədbir keçirdi. Gənclər, müxtəlif ali təhsil ocaqlarında təhsil alan tələbələr və ictimai təşkilat üzvlərinin iştirakıyla keçən bu tədbirdə Birliyin sədri, fəlsəfə elmləri namizədi Elşən Mustafaoğlu bu ayda baş verən hadisələr barədə nitq söylədi: Baş verən olaylar sadəcə tarix səhifələrində qalmış hadisələr deyil. İmam Cəfər Sadiq (ə) buyurur, «Hər gün Aşura, hər yer Kərbəladır». Həqiqətən də, Yer üzü zülmkarlıqdan, zülmkarlardan və zülmə qarşı çıxan haqsevər insanlardan xali deyil. Günümüzdə ətrafımıza açıq gözlə baxsaq, İmam Cəfər Sadiqin (ə) kəlamının nə qədər dolğun məzmun daşıdığının şahidi olarıq». E.Mustafaoğlu günlərdən bəri Fələstində - Qəzza zolağında zülmkar və işğalçı İsrail rejiminin dinc əhaliyə qarşı tutduğu divanı misal çəkdi və vurğuladı ki, «Məhərrəm ayı və Aşura günü bitməyib. Amma zülmkarlar unudur ki, heç zaman silah gücü iman gücü üzərində qalib gələ bilməz. İmam Hüseynin qanı Yezidin qılıncı üzərində qələbə çaldı və əbədilik, ölməzlik qazandı. Bu gün yüz milyonlarla insan dərin ehtiramla İmam Hüseynin xatirəsini əziz tutub, Yezidi lənətləyir. Amma lənətlənən təkcə Yezid deyil, həm də yezidsimalardır!..».

Sonra digər natiqlər də çıxış etdilər və sonda «Mənəvi Saflığa Dəvət» İctimai Birliyinin bəyanatı oxundu. Bəyanatda qeyd edilir ki, «2009-cu ilin yanvar ayı əsrlərdən bəri xalqımızın dərin ehtiram və hüznlə qeyd etdiyi Məhərrəm ayı olmaqla bərabər, 20 Yanvar faciəsinin yer aldığı bir aydır. Bu gün başqa bir qanlı faciə də bu siyahıda yer aldı - Qəzza soyqırımı. Yanvar ayı bu 3 eyni məzmun daşıyan böyük qətliamı özündə ehtiva edir. Bu münasibətlə Birliyimiz 2009-cu ilin yanvar ayını «Hüzn ayı» elan edir və xalqımızdan Kərbəlada, 20 yanvar qətliamında və günümüzdəki Qəzza soyqırımında şəhid olmuş günahsız insanların, zülm qarşısında diz çökməyən azadlıqsevər qəhrəmanların xatirəsini daha da uca tutmağı, onları dua etməyi və Allahdan Yer üzündə zülm edən zalımları cəzalandırmağı diləməyi rica edirik».
Bəyanatda işğalçı İsrailin günümüzün Kərbəlasında - Qəzzada törətdiyi cinayətlər qəti şəkildə pislənilir və dünya xalqlarından, xüsusilə müsəlmanlardan zülmə məruz qalmış fələstinlilərin fəryadına səs vermələri istənilir.

Bəyanat müəllifləri qeyd edirlər ki, «işğalçı İsrail bütün dünyanın gözü qarşısında Qəzzada yaşayış massivlərini yerlə yeksan edib, kütləvi qırğınlar törədir. Dinc əhali, o cümlədən günahsız körpələr, qocalar, qadınlar İsrailin raket zərbələrilə kütləvi şəkildə qətlə yetirilir. Üstəlik, İsrailin təbliğat maşanı yalanlar yayıb, həyasızcasına dünya ictimaiyyətini çaşdırmağa çalışır. Biz bütün bunları insanlığa qarşı yönəlmiş bir cinayət kimi qiymətləndirir və cinayətkar İsrail rejimindən fələstinlilərə qarşı soyqırıma son qoymasını tələb edirik. Ümid edirik ki, Azərbaycan xalqı, ümumiyyətlə haqq və ədalət tərəfdarı olan bütün insanlar zülmə məruz qalmış Qəzza əhalisini dua edəcək, onlarla həmrəy olduqlarını nümayiş etdirəcəklər».
Bəyanatın sonunda qeyd olunur ki, «20 yanvar, Xocalı qətliamı kimi faciələri yaşamış Azərbaycan xalqı hər zaman zülmə qarşı mübarizə aparanların yanındadır və biz əminik ki, Allahın yardımıyla tezliklə zülmkar qüvvələr öz layiqli cəzasını alacaq və haqq-ədalət zəfər çalacaq!».
 
  • Yazılıb
  • da (də) 2009 Jan 02