Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzzanı bombalamasına münasibət bildirib
Türkiyə servisi/Aran Agentliyi
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzzanı bombalamasına münasibət bildirib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, nazir Türkiyə Böyük Millət Məclisindəki çıxışı zamanı beynəlxalq cəmiyyəti regionda baş verən hadisələrə lazımi reaksiya verməməkdə ittiham edib. "Gürcüstan üçün göstərilən reaksiya nə üçün indi göstərilmir? Nə üçün susurlar? Beynəlxalq insan haqqları dərnəkləri, zərərçəkmiş uşaq dərnəkləri nə üçün susurlar? Bu sualların cavabını eşitmədikdə bu təşkilatlara olan inancımız zədələnir".
Nazir Qəzzada camaatın zülm gördüyünü deyib və bildirib ki,Türkiyə bu zülmə qarşı zalımların yanında olmayacaq. Ərdoğan İsrailin müdafiə naziri Ehud Barak və xarici işlər naziri Tsipi Livniyə müraciət edərək bildirib ki, tarix, onları insanlıq həyatına qara ləkə saldıqları üçün mühakimə edəcək. "Biz, sıravi bir ölkənin lideri olaraq deyil, siz qovulduğunuz zaman, babalarınızı, əcdadlarınızı bu torpaqlarda qonaq edən Osmanlının nəvələri olaraq danışırıq".
Ərdoğan Qəzza xalqının 2 ildir dünyanın ən böyük açıq hava həbsxanasında tərk edilmiş vəziyyətdə olduğunu bildirib: "Bunu Ramallah sərhəd qapısında 2 saat avtomobilinin içində gözlədilmiş bir baş nazir olaraq danışıram. Bunu edən kimdir? İsrail. İsrail hələ demokratiyadan da danışır!".
Ərdoğan, hücumların başlamamışdan əvvəl Türkiyəni ziyarət edən İsrailin baş naziri Ehud Olmertin Türkiyəyə hücum barədə xəbər verdiyi barədə iddiaları bir daha təkzib edib. "Buraxaq bir-birimizə söz atmağı. Gün birlik günüdür. Bir-birimizə söz atmaqla heç bir şey əldə edə bilmərik".