Tarix : 2009 Jan 09
Kod 9751

MÜXALİFƏTİN BÖYÜK BİRLİYİ YARANIR ?

Hakimiyyətin Konstitusiyanı dəyişdirmək qərarı nəhayət ki ölkə müxalifətini hərəkətə gətirib
Azərbaycan servisi/Aran Agentliyi
Hakimiyyətin Konstitusiyanı dəyişdirmək qərarı nəhayət ki ölkə müxalifətini hərəkətə gətirib. Son bir neçə ildə heç cür vahid mövqeyə əldə edə bilməyən partiyalar da martın 18-də keçiriləcək referenduma qarşı birləşmək niyyətindədirlər. Artıq praktiki addımlar atmaq mərhələsi başlayır. Bu gün saat 15-də Media Mərkəzində müxalifət partiyalarının, vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə forum keçiriləcək. Müxalifət düşərgəsindəki mötəbər mənbə bildirir ki, forum referenduma qarşı həm müxalifəti, həm də vətəndaş cəmiyyətini əhatə edən ümumi təşviqat qrupunun yaradılması məqsədilə təşkil olunur.
İlkin məlumatlara görə, toplantıda “Azadlıq” blokuna daxil olan partiyalar, ADP, KXCP, Ümid Partiyası, “Azərbaycan Naminə” İctimai Forum, digər müxalifət təşkilatları və ölkədə fəaliyyət göstərən QHT-lərin, media quruluşlarının təmsilçiləri, tanınmış ziyalılar iştirak edəcəklər.
Qeyd edək ki, Müsavat Partiyası srağagün “Respublikaçılar” adlı təşəbbüs qrupu yaradıb. Bu baxımdan Müsavatın bu toplantıya qatılıb-qatılmayacağı günün sonunadək bilinmirdi. Dünən axşam saatlarında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ilə əlaqə saxladıq. Arif bəy bildirdi ki, müxalifətin bu günə nəzərdə tutulan toplantısında Müsavat da iştirak edəcək: “Əgər digər siyasi qüvvələr də təşəbbüs qrupu yaradacaqlarsa, bu, müxalifətin imkanlarının artması deməkdir. Təşviqat qruplarının əməkdaşlığı da mümkündür. Biz vəziyyəti dəyərləndirəcəyik. Hesab etsək ki, vahid təşəbbüs qrupu daha səmərəlidir, bu istiqamətdə addımlar atacağıq. Hər halda, toplantıda bu məsələlərlə bağlı fikir ayrılığı yaranmayacaq”.
Bizdə olan məlumata görə, dünən gecə saatlarınacan müxalifət təşkilatlarının və vətəndaş cəmiyyəti nümayəndələrinin forumla bağlı ayrı-ayrı yerlərdə toplantıları olub. Təşəbbüsçülər çalışırlar ki, tədbirə cəmiyyətin daha çox təmsilçisi qatılsın. Müxalifət düşərgəsinin tanınmış ideoloqlarından biri müxbirimizə mövzu ilə bağlı bunları deyib: “Bu toplantı hansısa siyasi partiyanın, blokun tədbiri deyil. Xüsusilə də Müsavata, onun təşəbbüs qrupu yaratmasına qarşı deyil. Bu, cəmiyyətin baş verənlərə təpkisini özündə əks etdirəcək bir sammitdir. Biz bir millət olaraq sınaq qarşısındayıq. Burada xüsusi dəvətə də ehtiyac yoxdur. Bilənlər, eşidənlər buyurub gələ bilərlər. Biz yalnız müddətsiz prezidentliklə bağlı etirazları deyil, referenduma salınacaq təkliflər sırasında Dağlıq Qarabağın erməni icmasına, eləcə də digər etnik qruplara qanunverici təşəbbüs irəli sürmək imkanı yaradan 96-cı maddəni də gündəmə gətirəcəyik. Hər 40 min nəfərə qanunvericilik təşəbbüsü ilə çıxış etmək imkanı verən bu maddə 95-ci maddədən az aktual deyil”.
Fikrini soruşduğumuz ekspertlərdən biri isə bildirdi ki, bugünkü toplantı müxalifətin və demokratik düşərgənin bir növ son şansıdır:"Müxalifət bu dəfə də ortaq bir sənəd imzalaya, ümumi bir təşəbbüs qrupu yarada bilməsə, bir növ öz fatihəsini vermiş olacaq. Bu vəziyyətdə də birləşə bilməsələr, cəmiyyət onları gözündən siləcək və başqa yerə baxacaq".
Biz də saat 15.00-dan etibarən müxalifətin toplantısına “baxacağıq” və gəlişmələri sizlərə saytımız vasitəsi ilə dərhal (www.musavat.som), qəzetimiz vasitəsi ilə təfsilatlı olaraq, sabah çatdıracağıq.
  • Yazılıb
  • da (də) 2009 Jan 09