Tarix : 2009 Jan 12
Kod 9842

OMBUDSMAN QƏZZADA BAŞ VERƏNLƏRLƏ BAĞLI BƏYANAT YAYDI

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Qəzza bölgəsində hərbi əməliyyatlar nəticəsində ...
Azərbaycan servisi/Aran Agentliyi

Bu barədə Lent.az-a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Bəyanatda deyilir ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) “A” statusu ilə akkreditə olunmuş Milli insan hüquqları təsisatı olaraq, Qəzza bölgəsində günahsız mülki əhalinin, o cümlədən uşaq, qadın, ahıl və əlillərin ölümü ilə nəticələnən insan hüquqlarının, həmçinin yaşamaq hüququ və sülh hüququnun pozulmasından ciddi narahatlığını bildirir: “Bölgədəki vəziyyət humanitar fəlakət həddinə çatıb. Bu bəyanatla biz dünya ictimaiyyətini və beynəlxalq təşkilatları baş verən hadisələrə çevik reaksiya verməyə, BMT Təhlükəsizlik Şurasının Qətnaməsinə, BMT Baş Katibinin və İnsan Hüquqları üzrə Ali Komissarının müraciətlərinə uyğun olaraq hərbi əməliyyatların dərhal dayandırılması və sülh danışıqlarının başlanması məqsədilə təxirəsalınmaz tədbirlər görməyə çağırırıq”.

Eyni zamanda, Müvəkkil öz müraciətində Fələstinin və bu kimi hallarda digər Milli İnsan Hüquqları Təsisatlarının fəaliyyətinə dəstək verilməsinin və insan hüquqları pozuntusunun qarşısının alınmasında həmrəylik göstərməyin zəruriliyini qeyd edib.

Bəyanat BMT-nin Baş Katibi, Təhlükəsizlik Şurası, İnsan Hüquqları üzrə Ali Komissarı, Avropa Şurası, Beynəlxalq Sülh Federasiyası, Beynəlxalq Sülh Bürosu, Beynəlxalq Ombudsmanlar İnstitutu, Asiya Ombudsmanlar Assosiasiyası, Avropa Ombudsmanlar İnstitutu və müxtəlif ölkələrin ombudsmanlarına ünvanlanıb.

  • Yazılıb
  • da (də) 2009 Jan 12