Bakının Nardaran qəsəbəsindəki “İmam Hüseyn” meydanında növbəti mitinq yanvarın 16-da keçiriləcək
Azərbaycan servisi/Aran Agentliyi
Bakının Nardaran qəsəbəsindəki “İmam Hüseyn” meydanında növbəti mitinq yanvarın 16-da keçiriləcək. Bu barədə Lent.az-a Nardaran ağsaqqallarından biri, Həzrəti Rəhimə xanım adına Milli Mənəvi Dəyərlərin Qorunmasına Yardım Fondunun prezidenti Məşədi Natiq Kərimov məlumat verib. O bildirib ki, növbəti mitinqdə İsrailin Fələstində törətdiklərinə etirazlar səslənəcək və Azərbaycanın bu ölkə ilə əlaqələrinin kəsilməsi tələb olunacaq: “Bizim hansısa telekanalda yer almağa, yaxud şəhərin mərkəzində möhtəşəm piket keçirməyə imkanımız yoxdur ki, tribunadan sözümüzü deyək. Ona görə də məcburuq ki, mitinqi ancaq qəsəbədə keçirək. Hələlik ki, məcburuq mitinqi Nardaranda keçirək. Ümid edirəm ki, bu yaxınlarda həm müharibə qurtarar, həm də bizim mitinqlər dayandırılar”.
N.Kərimov rəsmi qurumlardan mitinq keçirilməməsilə bağlı hansısa göstəriş almadıqlarını da bildirib: “Şəxsən mənə heç vaxt heç bir hökumət qurumu zəng eləmir və bu barədə heç bir şey demir. Qəsəbə Ağsaqqallar Şurasının qərarı ilə mitinq yanvarın 16-sı saat 14.00-a təyin olunub”.
Qeyd edək ki, Nardaran qəsəbəsində sonuncu mitinq yanvarın 9-da keçirilib. Həmin mitinqdə kənd ağsaqqalı kimi təqdim olunan Hacı Əli Hüseynov çıxış edərkən VHP sədri, millət vəkili Sabir Rüstəmxanlının ünvanına nalayiq sözlər işlətdib, onu terrorla hədələyib, Hacı Hikmət adlı şəxsin isə Sabir Rüstəmxanlının başına 50 min manat pul qoyduğunu, onu öldürənin bu mükafata sahib olacağı barədə bəyanat verib.