Azərbaycan Xarici İşlər Nazirliyi bu fakt ilə bağlı öz dərin narahatlığını ifadə edir
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Ermənistana silah verməsi ilə bağlı etiraz bəyanatı yayıb.
XİN-nin bəyanatında bildirilir ki, Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı hərbi hissəsindən Ermənistan silahlı qüvvələrinə silah-sursatın ötürülməsini sübut edən sənədlər yayılıb. XİN məsələnin araşdırılması üzrə aparılmış işlərin silah-sursatın ötürülməsinin həqiqətən də baş verdiyi qənaətinə gəlmək üçün yetərli əsas verdiyini bildirir: «Azərbaycan Xarici İşlər Nazirliyi bu fakt ilə bağlı öz dərin narahatlığını ifadə edir. Belə ki, ötürülmüş silah-sursat Azərbaycan Respublikasının ərazilərinin bir hissəsini işğal edən ölkənin hərbi potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi hesab edir ki, silahların ötürülməsi bu işğalın davamına və güclənməsinə imkan yaradacaq. Bu ötürmələr BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsinə dair qəbul etdiyi müvafiq qətnamələrin və BMT Baş Assambleyasında 14 mart 2008-ci il tarixində qəbul olunmuş «Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət» adlı qətnaməsinin bilavasitə pozulmasıdır. Burada söhbət ilk növbədə Rusiya tərəfindən Azərbaycanın ərazilərinin işğalının davamına və güclənməsinə hər hansı addımları ilə yardım etməməyə dair öhdəliyinin pozulmasından gedir».
Nazirlik həmçinin Ermənistana silah ötürülməsi ilə bağlı Azərbaycanla Rusiyanı birləşdirən dost və sıx strateji tərəfdaşlıq münasibətləri, həmçinin Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında vasitəçi rolu ilə bağlı Azərbaycanın bəslədiyi ümidlər kontekstində öz xüsusi narahatlığını bildirir. Qurum hesab edir ki, yuxarıda qeyd olunanlar münaqişənin nizamlanması ilə bağlı vəziyyətin gələcək inkişafına görə Rusiya Federasiyasının üzərinə xüsusi məsuliyyət qoyur. Bəyanatda həmçinin Azərbaycan ərazilərinin işğalının güclənməsinə yardımçı olan bu cür addımlara qarşı etiraz ifadə olunub: «Rusiya Federasiyasını silahların ötürülməsinin nəticələrinin aradan qaldırılması məqsədilə bütün mümkün tədbirlərin həyata keçirilməsinə çağırırıq».