Tarix : 2009 Jan 16
Kod 9932

AZƏRBAYCANIN ADI AVTORİTAR REJİMLƏR SİYAHISINDA

The Economist Intelligence Unit”s (EİU) təşkilatı 2008-ci il üzrə demokratiya indeksini (Index of Democracy 2008) tərtib edib
Azərbaycan servisi/Aran Agentliyi
“The Economist Intelligence Unit”s (EİU) təşkilatı 2008-ci il üzrə demokratiya indeksini (Index of Democracy 2008) tərtib edib. “Mediaforum”un məlumatına görə, demokratiya indeksi 5 kateqoriyaya əsaslanır: seçki prosesi və plüralizm; vətəndaş azadlıqları; hökumətin fəaliyyəti; siyasi proseslərdə iştirak; siyasi mədəniyyət. Ölkələr bu kateqoriyalar üzrə ayrı-ayrılıqda 10 ballıq sistemlə qiymətləndirilib və yekunda orta qiymət tapılıb. İlk onluqda 10-a yaxın bal yığmış İsveç, Norveç, İslandiya, Niderland, Danimarka, Finlandiya, Yeni Zelandiya, İsveçrə, Lüksemburq və Avstraliya qərar tutur. Siyahını 167-ci yerdə Şimalı Koreya tamamlayır.
Ölkələr idarəetmə prinsipi baxımından 4 rejimə bölünüb: tam demokratik dövlət; nöqsanlı demokratik dövlət; hibrid rejimlər və avtoritar rejimlər. Nəticələrə görə, dünya ölkələrinin yalniz 18 faizi tam demokratikdir. Dünya əhalisinin 14,5 faizi bu ölkələrin vətəndaşlarıdır. Ölkələrin 30,5 faizində avtoritar rejimlər hakimdir. Dünya əhalisinin 34,9 faizi bu rejimlərin qurbanıdır.
Demokratiya indeksinin hazırlanmasına 167 ölkə cəlb edilib. Bu ölkələr arasında 10 mümkün baldan 3,79-nu toplayan Azərbaycan 135-ci yerdə qərarlaşıb. Hökumətin fəaliyyəti kateqoriyası üzrə Azərbaycan 10 ballıq şkala üzrə cəmi 0,79 bal toplayıb. Təşkilat seçki prosesi və plüralizmə 3,19, siyasi proseslərdə iştirakçılığa 3,33, siyasi mədəniyyətə 3,75 bal verib. Vətəndaş azadlıqları 5 balla qiymətləndirib.
Azərbaycan MDB ölkələri arasında Özbəkistan, Türkmənistan və Tacikistanı qabaqlayır. Özbəkistan (1,72 bal) və Türkmənistan (1,74) 164-165-ci yeri bölüşdürür. Tacikistan isə 150-ci (2,45) mövqedədir. Azərbaycanla eyni qrupa - avtoritar rejimlər bölməsinə düşən Qazaxıstan 127-ci (3,45) və Belarus isə 132-cidir (3,34).
Nisbətən yuxarı qrupa - hibrid rejimlərə salınan Ermənistan 113-cü (4,09), Qırğızıstan 114-cü (4,05), Rusiya 107-ci (4,48), Gürcüstan 104-cü (4,62) yerləri tutub. Nöqsanlı demokratik dövlət bölməsində MDB-dən Moldova və Ukrayna yer alır. Moldova 62-ci (6,5), Ukrayna isə 53-cü (6,94) yeri bölüşdürür. Baltik ölkələrindən Estoniya 37-ci (7,68), Litva 42-ci (7,36), Latviya isə 46-cı (7,23) yerdə olmaqla keçmiş SSRİ-nin digər ölkələrini geridə qoyublar.
 
  • Yazılıb
  • da (də) 2009 Jan 16