Artıq münasibətlərin tam normallaşmasını təmin edəcək ortak nöqtəyə yaxınlaşmışıq
Türkiyə servisi/Aran Agentliyi
«2009-cu ildə həm Azərbaycan-Ermənistan, həm də Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı bir mənzərənin yaranması xəyal yox, real ehtimaldır. Səylərimizi bu məqsədə yönəltmişik». ANS PRESS-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Əli Babacan deyib. Onun sözlərinə görə, Türkiyə ilə Ermənistanda arasında münasibətlərin normallaşması ilə bağlı bir plana heç vaxt indiki qədər yaxınlaşılmayıb.
Əli Babacan bildirib ki, Türkiyənin 60-cı hökuməti qurulduqdan sonra Ermənistanla əlaqələrin normallaşması istiqamətində addımlar atılıb, Ermənistan-Türkiyə futbol oyunundan sonra isə ölkələrarası danışıqlar ictimaiyyətin də diqqət mərkəzində olub. Türkiyəli nazirin fikrincə, Ermənistan prezidenti Serj Sarkisyanın türkiyəli həmkarı Abdullah Gülü futbol qarşılaşmasını birgə izləməyə dəvət etməsi, Abdullah Gülün isə bu dəvətə müsbət cavab verməsi «mətbəxdə bir şeylərin bişdiyi» üçün asanlıqla reallaşıb: «Artıq münasibətlərin tam normallaşmasını təmin edəcək ortak nöqtəyə yaxınlaşmışıq». Əli Babacanın fikrincə, Türkiyə ilə Ermənistan əlaqələrinin nomallaşması Ermənistan-Azərbaycan münasibətlərinə də təsirsiz ötüşməyəcək.