Tarix : 2009 Jan 18
Kod 9974

AZƏRBAYCANIN İŞ YERLƏRİ UĞRUNDA SAVAŞ GÜCLƏNƏCƏK

Azərbaycanda işsizlərin sayının artması sosial partlayış həddinə çata bilər
Azərbaycan servisi/Aran Agentliyi

Rusiyanın Ermənistana 800 milyon dollarlıq silah və hərbi texnika ötürməsi ilə bağlı qalmaqal böyüyür. Rəsmi Bakı araşdırmalardan sonra bu faktın baş verdiyini təsdiqləyib. Xarici İşlər Nazirliyi bununla bağlı Rusiyanın əleyhinə sərt bəyanat yayıb. Məlumatlara görə, iki ölkə arasında yaranan gərginlik, o cümlədən Rusiyada əmək miqrantlarının sayına qoyulan limitlər orada işləyən həmyerlilərimizin kütləvi şəkildə Azərbaycana dönməsinə səbəb ola bilər.

Artıq “çamadan” əhval-ruhiyyəsində olan azərbaycanlıların sayı minlərlədir. Neftin qiymətinin kəskin ucuzlaşdığı, hökumətin öz sosial öhdəliklərini yerinə yetirməyə çətinlik çəkdiyi ərəfədə 2 milyona yaxın işsiz vətəndaşın Azərbaycana gəlməsinin sosial-iqtisadi baxımdan hansı fəsadlara gətirib çıxaracağı da sual doğurur.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) ekspertləri bildirir ki, hökumət nəinki Rusiyadan qayıdan həmyerlilərimizin, hətta ölkədə yaşayan vətəndaşların iqtisadi-sosial problemlərini həll etməyə hazır deyil: “Son zamanlar müşahidə edilən ixtisarlar da göstərir ki, vətəndaşların sosial hüquqları, iş yerlərinin təminatı ilə bağlı kifayət qədər problemləri var. Rusiyada yanvarın 1-dən əmək miqrantlarının sayına tətbiq edilən limit bütövlükdə bu ölkədən Azərbaycana gələn həmyerlilərimizin sayının artmasına təsir göstərir. Eyni zamanda Rusiyadan gələn vəsaitlərin həcmini azaldır. Rusiyada böhran müşahidə edilənə və əmək miqrantları ilə bağlı limitlər tətbiq olunanadək bu ölkədən Azərbaycana göndərilən vəsaitlərin həcminin 3 milyard dollar təşkil etdiyi deyilirdi. Rusiya mənbələrinin arqumentlərinə görə, hər ay bir azərbaycanlı öz ailəsinə və ya ölkəyə 150 dollar vəsait göndərir. Nəzərə alsaq ki, Rusiyada 2 milyondan artıq həmyerlimiz yaşayır, deməli, il ərzində ölkəyə göndərilən vəsaitin həcmi 3 milyard dollardan artıqdır. Hərçənd ki, Statistika Komitəsi MDB ölkələrindən Azərbaycana göndərilən vəsaitin həcminin 1 milyard dollar olması ilə bağlı açıqlama yayır. Amma bütün hallarda söhbət milyarddan və kifayət qədər böyük məbləğdən gedir. Əmək miqrantları ilə bağlı qadağanın tətbiq edilməsinin yaratdığı problemin bir məqamı da ondan ibarətdir ki, həmin vəsaitlərlə dolanan 10 minlərlə əhalinin sosial vəziyyətinə mənfi təsir göstərir. Çünki Azərbaycanda çoxlu sayda ailə Rusiyadan göndərilən vəsaitlər hesabına yaşayır”.

İSİM ekspertləri deyir ki, Rusiyada yaşayan azərbaycanlılar kütləvi şəkildə qayıtsa, bu həm əmək bazarında, həm də sosial sferada gərginlik yaradacaq: “Son günlər əksər dövlət və özəl şirkətlərin ixtisar etdikləri və ya məcburi məzuniyyətə göndərdikləri işçilərin sayı artır. Güman olunur ki, yaxın günlərdə neft sektorunda və digər sahələrdə çalışan minlərlə işçi məcburi şəkildə məzuniyyətə göndəriləcək. Çünki bu gün neft bumu bir çox şirkətlərdə ştatların şişirdilməsinə gətirib çıxarıb. Neftdən asılı olan şirkətlər “qara qızıl”ın qiymətinin aşağı düşməsinə reaksiya verə bilmirlər. Onların reaksiyası yalnız işçilərin ixtisarıdır. Əslində əmək bazarında kifayət qədər ciddi gərginlik var. Belə bir ərəfədə buna Rusiyadan qayıdan həmyerlilərimiz də əlavə olunur. Nəticədə əmək bazarındakı gərginlik daha da artacaq”.

Mütəxəssislərin rəyinə görə, iş yerləri uğrunda aparılan rəqabət mübarizəyə çevriləcək: “Çünki iş yerlərinin sayı azalır. İşsizlər ordusuna yenilərin əlavə edilməsi kifayət qədər ciddi gərginlikdir. Məsələnin digər tərəfi odur ki, Rusiyada işləyənlərin əksəriyyəti ixtisaslı kadrlar deyil. Onların ixtisaslı kadr tələb olunan yerlərdə iş tapması mümkünsüzdür. Bu şəxslər əsasən bizneslə məşğul olurlar. Azərbaycanda isə son aylar biznesdə problemlər var. Biznes əvvəllər olduğu kimi artıq böyük rentabelli və gəlirli sektor deyil”.

İqtisadçılar hesab edir ki, neft sektorunda və digər sahələrdə ixtisar olunanların aşağı maaşla iş tapmaq şansları var. Amma Rusiyadan Azərbaycana dönənlərin iş tapması çətin olacaq: “Yaxın günlərdə bütövlükdə ölkədə məşğulluqla bağlı problemlər qaçılmazdır. Azərbaycanda sosial sferada vəziyyət gərginləşir. Bu isə onunla bağlıdır ki, hökumət uzun müddət ölkənin inkişafını neftdən asılı vəziyyətə salıb”.

O da qeyd olunur ki, Rusiyadan qayıdan həmyerlilərimizin işlə təminatı sahəsində dövlətin özünün məşğulluq siyasətində hansısa redaktələr edəcəyi gözlənilmir. İSİM ekspertlərinin sözlərinə görə, bu gün iqtisadi inkişaf naziri tərəfindən qəbul olunan inkişaf strategiyasını tətbiq etmək mümkün deyil.

  • Yazılıb
  • da (də) 2009 Jan 18