Tarix : 2009 Jan 18
Kod 9977

RƏSMİ BAKI ŞUŞANIN ERMƏNİLƏŞDİRİLMƏSİ FAKTINA SUSUR

Arif Yunus: Ermənilər torpaqları qaytaracaqları barədə düşünmək belə istəmirlər
Azərbaycan servisi/Aran Agentliyi

Beynəlxalq təşkilatlar Azərbaycanın başını Qarabağ danışıqlarına qatdığı bir vaxtda ermənilər işğal altındakı torpaqlarımızda möhkəmlənməkdədir. Bu günlərdə məlum olub ki, Ermənistan hökuməti 2009-cu ildə, Rusiya, ABŞ, Fransa və digər dövlətlərdən topladığı ianələrin 118 min dollarını Şuşa şəhərinin erməniləşdirilməsinə xərcləyəcək.

Artıq bununla bağlı Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı məlumat yayıb. Qeyd olunur ki, burada məqsəd Şuşa şəhərinin ermənilərin dini mədəni paytaxtına çevrilməsinə nail olmaqdır. Buna görə də Ermənistan hökuməti Rusiya, ABŞ və Fransanın maliyyə təşkilatlarından əldə etdiyi vəsaitin bir qismini “Şuşi” fonduna yönəldərək, bu fondun təşkilatçılığı ilə ermənilərin işğalı altında olan Şuşa şəhərindəki 17-19 əsrlərə aid 220-dən çox ictimai, mədəni, tarixi binaları və tarixi elmi baxımdan əhəmiyyətli olan yaşayış evlərinin, 500-dən çox tarix mədəniyyət və memarlıq abidələrinin ermənilərə məxsus olması barədə təbliğat kampaniyasına başlayıblar.

Lakin hələ ki bu faktlara rəsmi Bakının reaksiyası yoxdur. Dünən XİN-dən münasibət öyrənmək istəsək də, telefon zənglərimizə cavab verən olmadı.

Konfliktoloq Arif Yunus isə hesab edir ki, bu kimi faktlara rəsmi Bakı çox ciddi yanaşmalı və dərhal münasibət bildirməlidir: “Bütün bu kimi məsələlərlə bağlı rəsmi strukturlar məsələ qaldırmalı və həmişə reaksiya verməlidir. Söhbət ondan getmir ki, bununla nəyəsə nail ola bilərik. Nə desək, erməni öz bildiyini edəcək. Amma həmişə məsələ qaldırılmalıdır ki, dünya, Rusiya və Qərb bu torpaqların Azərbaycana məxsus olduğunu başa düşsün. Bilsinlər ki, bu torpağın yiyəsi heç zaman onu güzəştə getməyəcək”. Ekspert Moskvanın abxaz və osetinlərə Rusiya pasportu verməsinə Gürcüstanın sərt reaksiya verməsini xatırlatdı: “Gürcüstan bunu qaldırandan sonra abxaz və osetinlərin Rusiya pasportu ilə Avropa Birliyi ölkələrinə getməsi problem yaratdı. Bu gün onlara deyirlər ki, gedin vizanı bizim Tiflisdəki səfirliklərimizdən alın. Yəni təbliğatın nəticəsi budur. Bu gün faktiki olaraq abxazlar və osetinlər havada qalıb. Biz də digər məsələlər kimi, Qarabağ ermənilərinin əlində Ermənistan pasportunun olması barədə məsələ qaldırmalıyıq”.

A.Yunus ermənlərin Qarabağı kütləvi tərk etməsi barədə xəbərlərə ciddi yanaşmadığını söylədi: “İrəvan ermənilərinin şüuru qarabağdakılardan nisbətən fərqlənir. Qarabağ erməniləri kəndlidir və çətin həyata öyrəşiblər. İrəvan ermənisi isə anlayır ki, Qarabağ məsələsi həll olunmasa, onların da problemləri həll olunmayacaq. Bu gün Qarabağda 100 minə yaxın erməni var. Digər tərəfdən Dağlıq Qarabağda əhaliyə münasibət daha yaxşıdır, nəinki Ermənistanda. Orada müəyyən stimullaşdırıcı tədbirlər görülür. Həmçinin erməni diasporu yardım edir”. A.Yunus bildirdi ki, Şuşada ermənilərin yaşadığı ərazilər təmir olunur: “Müharibədən əvvəl Şuşada 20 minə yaxın əhali yaşayırdı. Bu gün orda heç 4 min erməni yaşamır. Xankəndini isə çox dəyişiblər. Laçında da 12 minə yaxın erməni var və onlar öz evlərini təmir ediblər. Həmçinin Laçın-Xankəndi yolu çox gözəl təmir olunub. Bu, o deməkdir ki, ermənilər müharibə ehtimalı, yaxud torpaqları qaytaracaqları barədə  düşünmək belə istəmirlər. Ən uzağı onlar 5 rayonu qaytarmaq barədə fikirləşirlər. Amma bu, nə vaxt Azərbaycan tərəfi Dağlıq Qarabağın müstəqil dövlət olmasına razılıq versə, o zaman baş verəcək”.

  • Yazılıb
  • da (də) 2009 Jan 18