Tarix : 2010 Apr 16
Kod 16896

AzTV yenə tarixin təhrifinə yol verdi

Azərbaycan Respublikasının dövlət televiziya kanalı olan AzTV 15 aprel tarixində, xəbərlər buraxılışında növbəti dəfə tarixlə bağlı saxtakarlığa yol verdi
Azərbaycan Servisi/Aran Agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Azərbaycan Respublikasının dövlət televiziya kanalı olan AzTV 15 aprel tarixində, xəbərlər buraxılışında növbəti dəfə tarixlə bağlı saxtakarlığa yol verdi. Tarixin təhrif edilərək işıqlandırılması Heydər Əliyev Fondu tərəfindən məşhur İran əsəri olan “Qabusnamə”nin rus dilinə tərcümə olunduğunu əks etdirən xəbərlə bağlı olub.
Xəbərdə bildirilib ki, Fond Şərq ölkələrinin bir çoxunda məşhur olan "Qabusnamə" kitabını rus dilində nəşr edib. Bu barədə cümə axşamı foundun yaydığı məlumatda bildirilib. Lakin bu məşhur kitabın İrana aid olduğu haqda, ümumiyyətlə, heç nə deyilməyib. Maraqlı olan isə budur ki, daha sonra qeyd edilib ki, “1082-1083-cü illərdə Cənubi Azərbaycan ərazisində yerləşən Gilan dövlətinin padşahı Keykavus tərəfindən yazılmış "Qabusnamə" orta əsrlərdə Azərbaycan hökmdarlarının, din xadimlərinin, elm adamlarının, müəllimlərin masaüstü kitabı olub”.
Beləliklə, Gilan padşahlığının guya “Cənubi Azərbaycan ərazisində yerləşən” bir dövlət olduğu iddia edilib. Halbuki, Gilan vilayəti istər coğrafi, istərsə də inzibati baxımdan Azərbaycan ərazilərində yerləşməyib. Gilan İran Azərbaycanı ilə Xəzər dənizi arasında yerləşən bir vilayətin tarixi adıdır və bu gün də orada yerləşən vilayət elə adlanır. “Qabusnamə” isə Keykavusun öz oğlu Gilanşah üçün fars dilində yazdığı və bütün dünyada İran əsəri kimi tanınan bir kitabdır ki, ilk dəfə SSRİ dövründə Azərbaycan dilinə tərcümə edilib.
Qeyd edək ki, tarixi təhriflərdən xali olmayan bu xəbər Azərbaycan Respublikasının digər rəsmi və qeyri-rəsmi KİV-lərində, o cümlədən internet saytlarında da geniş yayılmışdır.
 
“Aran” İA
 
  • Yazılıb
  • da (də) 2010 Apr 16