Tarix : 2019 Feb 07
Kod 57602

Saleh Rüstəmli hal şahidinin dediklərini yalanladı

AXCP funksionerləri - Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Nərimanov şöbəsinin sədri Babək Həsənov, Gənclər Komitəsinin üzvü Ruslan Nəsirli, Gədəbəyin keçmiş icra başçısı, Rusiya vətəndaşı Saleh Rüstəmli və bacısı oğlu Vidadi Rüstəmlinin məhkəməsi fevralın 5-də davam etdirilib.

Arannews-Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyilə keçirilən məhkəmədə Babək Həsənov şikayətlənib ki, yaxınlarına etibarnamə verməsinə şərait yaradılmır. O bildirib ki, Qarabağ əlili kimi təqaüd alır. Təqaüd kartı bloklandığından onun etibarnaməsi lazımdır ki, yaxınlarından kimsə onu açdırsın. Ailəsinin maddi ehtiyac içində olduğunu söyləyən B.Həsənovun sözlərinə görə, övladlarından birinin səhhətində ciddi problem var, təcili əməliyyat olunmalıdır. Bu üzdən həmin kartda olan vəsaitə də ehtiyac var.B.Həsənov deyib ki, o, etibarnamə məsələsinin həlli üçün saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasının rəhbərliyinə müraciət edib. Ona cavab verilib ki, məhkəmədən yazılı şəkildə razılıq olmalıdır. O da məhkəməyə ərizə ilə müraciət edib, amma bugünə qədər cavab almayıb."Bu hakimiyyət bizim sağlamlığımıza terror edir,"- deyən B.Həsənov bildirib ki, aclıq aksiyasına başlayacaq.Hakim Eldar İsmayılov isə deyib ki, ərizəyə cavab verilib və bir surəti təcridxanaya B.Həsənova, digəri də vəkilinə göndərilib. Cavabda isə məhkəmə nə razılıq verib, nə də etiraz edib.Sadəcə, B.Həsənova tövsiyə olunub ki, notarius xidmətilə əlaqədar Bakı İstintaq Təcridxanasına müraciət etsin, onlara aid məsələdir.Məhkəmədə üç şahid dindirilib - Ceyhun Şabanov, Nazim Hüseynov və Azər Adamov. Onların ilk ikisi S.Rüstəmliyə qarşı hal şahidliyi etmiş şəxslərdir. Məhkəmədə bildiriblər ki, polislərin təklifilə hal şahidliyi ediblər. S.Rüstəmli Şəmkirdə parkda gedəndə polislər onu saxlayıb, o da cibindən çıxarıb narkotiki verib, daha sonra onu polis şöbəsinə gətiriblər.Hər ikisi üzündən oxuya bilmədiklərini, fəhlə olduqlarını söyləyiblər. C.Şabanov bildirib ki, işi zibil yığmaqdır.S.Rüstəmli isə bu adamlardan N.Hüseynovu ilk dəfə indi məhkəmədə gördüyünü, C.Şabanovun isə polis şöbəsində çay daşıdığını deyib:"Bu adamların danışdıqlarının hamısı yalandır. Mən heç o parkın harda yerləşdiyini bilmirəm. Bunu (C.Şabanovu) polis şöbəsində çay daşıyan görmüşəm. Ona görə elə bildim, orada çayçı işləyir".

Bu işdə 18 şahid var, onların 17-si dindirilib. Vəkillər də razılaşıb ki, qalan bir nəfərin dindirilməsinə ehtiyac yoxdur.S.Rüstəmli bildirib ki, onu qardaşı Taleh Rüstəmov və onun həyat yoldaşı Rəsmiyyə Rüstəmova ilə getdikləri zaman tutub polis şöbəsinə gətiriblər. Ona görə vəkilləri də məhkəmədə vəsatət qaldırmışdı ki, S.Rüstəmlinin qardaşı və həyat yoldaşı əlavə şahid qismində dindirilsin. Hakimlər razılaşıb. Onlar fevralın 6-da məhkəmədə dindiriləcəklər.Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq, S.Rüstəmov, onun qardaşı oğlu Vidadi Rüstəmli, AXCP funksionerləri Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirlini cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılmasında ittiham edib. İddia olunur ki, S.Rüstəmov Rusiyadan AXCP-yə pul göndərib, həbs edilmiş cəbhəçilər də həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırıblar. İttihamda söhbət 412 min dollardan gedir.Lakin S.Rüstəmov da, cəbhəçilər də ittihamı rədd edir. AXCP üzvləri də həbs olunduqdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirib, bununla əlaqədar prokurorluğa, məhkəməyə şikayətlər göndəriblər. Yerli məhkəmələr şikayətləri təmin etmədiyindən onlar Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər.
 
Meydan Tv



  • Yazılıb
  • da (də) 2019 Feb 07
  • Göndərən مدير سايت Aran News