Tarix : 2019 Feb 09
Kod 57609

Hakimlər Əli Kərimlinin dindirilməsinə razılaşmadı

Fevralın 6-sı AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli, Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmlinin məhkəmə prosesi davam etdirilib.

Arannews-1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış, 1997-ci ildən Rusiyada yaşayan və orada bizneslə məşğul olan Saleh Rüstəmov 2018-ci ilin mayında qohumunun yas mərasimində iştirak etmək üçün Gədəbəyə gəlib. Mayın 8-də o, Rusiyaya qayıtmaq üçün Gədəbəydən Bakıya yola düşərkən Şəmkir yaxınlığında, qardaşı oğlu Vidadi Rüstəmli ilə birgə tutulub.Mayın 25-də isə bu iş üzrə Aqil Məhərrəmli, Babək Həsənov və Ruslan Nəsirli də tutulublar.Həbs edilənlər qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda və Cinayət Məcəlləsinin digər maddələri ilə təqsirləndirilirlər.İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, tutulan digər şəxslər bu işdə ona yardımçı olublar. AXCP sədri Əli Kərimli isə bu işi partiyaya qarşı illərdir davam edən repressiyaların tərkib hissəsi kimi qiymətləndirib.Mühakimə prosesi 2019-cu ilin yanvarında Bakı Ağır Cinayətlər Məhkəməsində başlanıb. İşə hakim Eldar İsmayılovun sədrliyilə baxılır.Azadliq Radiosu xəbər verir ki, fevralın 6-da keçirilən prosesdə təqsirləndirilən Babək Həsənov AXCP sədri Əli Kərimlinin məhkəmədə dindirilməsi tələbi ilə vəsatət qaldırıb. O deyib ki, istintaq pulların AXCP sədrinə çatdırıldığını iddia etsə də, istintaq müddətində AXCP sədri bir dəfə də olsun dindirilməyib. Babək Həsənov vurğulayıb ki, Əli Kərimlinin dindirilməsi vacibdir.Hakimlər kollegiyası vəsatəti təmin etməyib.Məhkəmədə Saleh Rüstəmovun qardaşı Taleh Rüstəmov və onun həyat yoldaşı Rəsmiyyə Rüstəmova da əlavə şahid kimi dindiriliblər. Onların dindirilməsini Saleh Rüstəmovun vəkilləri istəmişdi.Cinayət işinin materiallarında yazılıb ki, Saleh Rüstəmovu Şəmkirdəki "İstiqlal” parkında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb və baxış zamanı onun üzərindən 30 qram heroin tapılıb.Lakin Taleh Rüstəmov və Rəsmiyyə Rüstəmova məhkəmədə bildiriblər ki, onlar Saleh Rüstəmovla birgə avtomobillə gedərkən Şəmkir və Gəncə arasındakı postda dayanıblar. Çünki görüblər ki, post bağlıdır, bir xeyli də maşın var. Onların olduğu maşın dayananda qəfildən kənardan mülki geyimli adamlar hücum edib. Həmin şəxslər Saleh Rüstəmovu maşından zorla çıxarıb, sürüyə-sürüyə aparıblar: "Hətta sonra kənardakılar bizdən soruşdular ki, bu adam kimdir, onu niyə belə tutub apardılar?”Qohumlarının sözlərinə görə, Saleh Rüstəmovun hara aparıldığını bilməyiblər. Bir neçə gün də onun harada, necə və niyə saxlanması haqda onlara heç bir məlumat verilməyib.Bununla da məhkəmədə şahidlərin dindirilməsi mərhələsi başa çatıb. Fevralın 8-də keçiriləcək növbəti məhkəmə iclasında təqsirləndirilən şəxslərin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində çəkilmiş videoları nümayiş etdiriləcək.

  • Yazılıb
  • da (də) 2019 Feb 09
  • Göndərən مدير سايت Aran News