Tarix : 2019 Sep 04
Kod 58781

İmam Həsənin (ə) sülhünü bəhanə gətirib zəmanə yezidləri önündə susan əzadarlar

Məhərrəm ayı başlar-başlamaz məscidlər İmam Hüseyn (ə) əzadarları ilə dolub-daşır. Əslində isə özümüzə sual verməliyik ki, biz nə qədər əzadar sayılırıq. Görəsən əzadarlığımız nə qədər qəbul edilir. İmam Hüseynin (ə) bizim əzadarlığımızdan nə qədər xoşu gələrdi.

Arannews-Bir çox məscidlərdə 14 əsr əvvəlin yezidlərinə lənət oxunur, zülmləri, tarixi hadisə qeyd edilir. Bir çox ruhanilər, minbər əhli minbərdə 14 əsr əvvəlin yezidini yıxıb-sürüyür, rozəxanlar “orda olsaydım belə edərdim”, “kaş orda olaydım” məzmunlu mərsiyələr oxuyurlar. Adam hərdən düşünür ki, sanki Azərbaycan Həzrət Əlinin (ə) ədalətli hökümətinin bir nümunəsidir və zəmanədə yezidlər olmadığı üçün biz 14 əsr əvvəlin yezidlərini lənətləyir, hədələyirik. 
Zəmanə yezidlərinə isə təəssüf ki, cüzi bir miqdar etiraz edir, əksəriyyət susur. Biz heç kimdən çıxıb sərt danışıb həbsə getməsini ummuruq. Heç olmasa bir polisin nalayiq davranışını, bir məmurun rüşvət almasını, bir deputatın xalqı buraxıb şəxsi bizneslə məşğul olmasını da dilə gətirmək bu qədər qorxuludurmu? Halbuki İmam Hüseyn (ə) təkcə bir ölkənin başçısını deyil, bütöv bir imperiyanın imperatorunu bizzat tənqid edirdi. Bu gün “orda olsaydım elə edərdim, belə edərdim” deyən biz dindarlar isə bir balaca dövlətin qanunlarına xilaf iş görən bir polisi belə tənqid edə bilmiriksə, bu riyakarlıqlar nəyə lazımdır. Utanmaz, utanmaz da çıxıb oxuyuruq ki, orda (Kərbəlada) olsaydım belə edərdim, elə edərdim. 
Bir çox dindarların, rövzəxanların, ruhanilərin əlində bəhanə edib susduğu, bəzən üstüörtülü də olsa eşitdirdiyi məsələ budur ki, İmam Hüseynin (ə) qiyamından ilham alanda, hərdən İmam Həsənin (ə) sülhü bardə də düşünmək lazımdır. Bu məsələni o qədər qabardıblar ki, hətta deputatxanada yaltaq və təyinatla oturan Zahid Orucun belə hərdən ağlına belə təkliflər gəlir. 
Əslində isə bu təklifi verən hətta ruhani belə olsa savadsız olduğu məlumdur. Çünki İmam Həsən (ə) sülhdən öncə xəlifə idi. Sülhə isə ordusunda olan xəyanətlərdən, dağılmalardan, Müaviyə lənətullahın hiylələrinə aldanıb onun tərəfinə keçmələrdən, hədələrdən qorxmalardan, ədalətdən bezmələrdən sonra məcur qalıb sülhə getdi. Bunu əlində bəhanə edənlərin neçə faizi zülmə qarşı müharibə edib ətrafında xəyanət, aldanma, dünya malına uyma və s. gördü? Neçə faizi bütün bu işlərdən sonr sülhə razı oldu? 
Ondan əlavə, unutmayaq ki, İmam Həsən (ə) Müaviyə ilə sülh etmişdi. Siz qarşınızdakı insanların Müaviyə olduğuna etiqad etdinizmi? İnanın Allaha ki, əgər qəlbdə həqiqətən də onların Müaviyə olduğuna etiqad edib belə bir təklif verirsinizsə o zaman zalımın zülmünü ifşa edən minbər əhli və dindarlarla bir əqidə və fikrdəsiniz. Çatışmayan cəhət odur ki, təkcə qəlbdə belə bir etiqada sahib olmaq kifayət etmir. Elə bir şərait ola bilər ki, artıq qəlbdə olanlar dildə cari olmalı, dildən də əməl müstəvisinə keçməlidir. Eyniylə İmam Hüseynin (ə) etdiyi kimi.
  • Yazılıb
  • da (də) 2019 Sep 04
  • Göndərən جهان کمالی