Tarix : 2019 Sep 18
Kod 58843

Putinin Quran ayəsi ilə Ərdoğana mesajı

Əgər Türkiyə ilə Rusiya Suriya məsələsində bir-birinə güzəşt mövqelərini davam etdirsələr, Suriyada sülh bərqərar ola bilər.

Arannews-Bu sözləri Axar.az-a politoloq Əhəd Məmmədli Ankarada Türkiyə, Rusiya və İran dövlət başçılarının görüşünü və əldə edilən nəticəni şərh edərkən deyib. O bildirib ki, bu görüş 2017-ci ildən bəri keçirilən beşinci ən yüksək Zirvə görüşüdür:

“Astana formatında keçirilən bu Zirvə görüşünün məqsədi Türkiyənin təhlükəsizliyini təmin etmək və Suriya vətəndaşlarının dinc şəraitdə yaşamalarına imkan yaratmaqdır. Həmçinin bu görüşdə Türkiyənin Rusiyaya da mesajı oldu. Türkiyə bildirdi ki, əgər İdlibdə Türkiyənin hərbi məntəqələrinin təhlükəsizlikləri təmin edilməyəcəksə, Türkiyə özü İdlibdə birtərəfli şəkildə təhlükəsizliyini təmin edəcək. Rusiyanın da Türkiyəyə mesajı o oldu ki, İdlibdə terrorçular tam təmizlənməlidir. Bu mövqelər də toqquşan mövqe oldu”.

Politoloq bildirib ki, bu görüşdə ölkələrin bir-birlərinə barışdırıcı, yaxınlaşdırıcı mövqeləri daha çox oldu:

“Məsələn, Türkiyə-Rusiya-İran Suriyanın ərazi bütövlüyü məsələsində eyni mövqedə dayandılar. Bildirdilər ki, Suriya parçalanmamalıdır, bölünməməlidir. Həmçinin, Putin yenidən Ərdoğanı Rusiyaya dəvət etdi və Putin Quran ayəsindən Ərdoğana birlik mesaji verdi. Bu da diqqətçəkən məqam oldu”.

Politoloq bildirib ki, Rusiya mətbuatından fərqli olaraq, İran mətbuatında bu görüş ciddi təbliğ olunmadı:

“Bu da onu göstərir ki, İranda mühafizəkar-radikal qruplar hələ də İranın bu məsələdə gəldiyi nəticələr, əldə olunan razılaşmalardan İrana düşən paydan razı deyillər. Onlar hesab edirlər ki, İran Suriyada daha çox söz sahibi olmalıdır. Ola bilsin ki, həmin mühafizəkar-radikal qrupların Ruhaniyə qarşı təzyiqləri artacaq”.

  • Yazılıb
  • da (də) 2019 Sep 18
  • Göndərən جهان کمالی