Ötən il doğulan uşaqlara ən çox verilən oğlan adları Əli, Murad, Məhəmməd, Hüseyn və Nihad, qız adları isə Fatimə, Nərmin, Fidan, Zəhra və Nuray olub
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan əhalisinin sayı ötən il ərzində 1,2% və ya 100 min nəfər artaraq, 2009-cu ilin əvvəlinə 8,73 mln. nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hazırda ölkədə əhalinin sıxlığı 1 kv. km-ə 101 nəfər təşkil edir. Ötən il əhalinin sayının artması son 35 ildə ilk dəfə təbii artımla yanaşı, miqrasiya artımının hesabına baş verib. Əhalinin 51,7%-i şəhər, 48,3%-i isə kənd yerlərində yaşayır.
Ölkə əhalisinin 49%-ni kişilər, 51%-ni qadınlar təşkil edir və bu gün hər 1 000 nəfər kişiyə 1 027 nəfər qadın düşür.
Əhalinin 23%-i 0-14 yaşda, 70%-i 15-64 yaşda, 7%-i isə 65 və yuxarı yaşda olanlardır. Qeyd edək ki, 14-29 yaşda olan gənclər ölkə əhalisinin 31,2%-ni təşkil edir. Əhalinin orta yaşı 32, doğulanda gözlənilən ömür uzunluğu isə - 72,4 yaş, o cümlədən kişilərdə 69,7, qadınlarda isə 75,1 yaş təşkil edir.
Ötən il ərzində Azərbaycanda 152,1 min, təxminən gündə 417, saatda isə 17 körpə doğulub. Doğulanların 53,9%-i oğlan, 46,1%-i isə qız olub. Körpələrin 1 648-i əkiz, 27-si isə üçəmdir.
Ötən il doğulan uşaqlara ən çox verilən oğlan adları Əli, Murad, Məhəmməd, Hüseyn və Nihad, qız adları isə Fatimə, Nərmin, Fidan, Zəhra və Nuray olub.