Tarix : 2009 Jul 01
Kod 12704

Komitə Yeni Günəşlidəki Fatimeyi Zəhra (s.ə.) məscidi ilə bağlı dəqiqləşdirmələr aparır

Xəbərlərə əsasən bu haqda Suraxanı rayonu İH-dən məscidin axunduna sözü gedən məscidin söküləcəyi haqqında xəbərdarlıq edilib
Azərbaycan servisi/Aran Agentliyi
Son günlər Yeni Günəşlidəki Fatimeyi Zəhra (s.ə.) məscidinin söküləcəyi yönündə ziddiyyətli informasiyalar gəldiyini xəbər vermişdik. Xəbərlərə əsasən bu haqda Suraxanı rayonu İH-dən məscidin axunduna sözü gedən məscidin söküləcəyi haqqında xəbərdarlıq edilib. Bundan sonra isə Suraxanı RPİ-nin 33-cü polis şöbəsindən axunda təzyiqlər edildiyi, daha sonra isə axundun məscidi tərk etdiyi bildirildi. Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun "Fatimeyi Zəhra (s.ə.)" məscidi haqqında açıqlaması yayıldı. Bildirildiyinə görə komitə sədri məscidin söküləcəyi haqda qəti mövqeyini sərgiləmişdir. Verilən məlumatlara əsasən DQİDK-nin sədri Hidayət Orucov bildirib ki, məscid sökülməlidir. Komitə sədrinin bu mövzuda kimsənin ona yaxın gəlməsini arzulamadığı da bildirilir.

Yayılan xəbərlərin təsdiqinin tapıb-tapmadığını müəyyənləşdirmək üçün DQİDK-nin sədrinin mövqeyini öyrənməyə çalışdıq. Komitə sədrinin köməkçisi öncə yarım saat ərzində sədrin sualları cavablandıracağını desə də, sualların mahiyyətini açıqladıqdan sonra sədrin işlərinin çox olduğunu bildirdi. Komitə sədrinin köməkçisi daha sonra sualları komitənin mətbuat xidmətinin rəhbəri Yaqut xanıma ünvanlamağı bildirdi. Yaqut xanımı aradığımızda isə onun məzuniyyətə çıxdığı məlum oldu. Bunu sədrin köməkçisinə bildirdiyimizdə o, “dini komitə”nin dini qurumlarla iş üzrə şöbəsinin müdiri Gündüz İsmayılovla əlaqə yaratmağımızı xahiş etdi. G.İsmayılovu aradığımızda isə məlum oldu ki, o, da 2 həftədir ki, işə çıxmır. Şöbə müdiri bunu son 2 həftədə şəxsi həyatı ilə bağlı işə çıxmadığını, buna görə də hadisələrdən məlumatlı olmadığını, - ümumiyyətlə, işə çıxmadığını deyərək baş verənlərə şərh verə bilməyəcəyini dedi. Belə halda ona xoşbəxtlik arzulayaraq yenidən sədrin köməkçisini aradıq. Bu dəfə köməkçi suallarımızı G,İsmayılovun əvəzedicisi Nahid adlı şəxsin cavablandıracağını bildirdi. 20-25 dəqiqə ərzində Nahid müəllimi də arasaq da, çox təəssüf ki, onunla da əlaqə yaratmaq mümkün olmadı (beləki telefonun dəstəyini qaldıran olmadı). Bir daha sədrin köməkçisini aradığımızda bu dəfə də o, komitənin “Dinşünaslıq ekspertizası bölməsi”nin müdiri Ceyhun Məmmədovla danışa biləcəyimizi bildirdi. C.Məmmədov ona ünvanlanan suallarla tanış olduqda, o, da bu suallarla mətbuat xidmətinin rəhbəri Yaqut xanıma müraciət etməyimizi bildirdi. Lakin biz Yaqut xanımın məzuniyyətdə olması haqqında bölmə müdirini məlumatlandırdıqda onun bizə cavabı belə oldu: “Mən axşam işdə olmamışam. Dediyiniz məlumatları dəqiqləşdirim sonra danışaq. Axşam əlaqə saxlayın, suallarınızı cavablandırarıq”.

Qeyd edək ki, son günlər DQİDK-nin sədri Hidayət Orucovun Yeni Günəşlidəki "Fatimeyi Zəhra (s.ə.)" məscidinin sökülməsinə “hə” dediyi istiqamətində xəbərlər gəlməkdədir. Bu kimi xəbərlərə, ümumiyyətlə həmin məscid haqqında DQİDK-nin mövqeyini öyrənmək isə göründüyü kimi kifayət qədər qaranlıqda əntiq bir əşyanın əldə edilməsinə bənzəməkdədir. Belə halda DQİDK sədri haqqında yayılan məlumatların şübhə altına düşməsi sezilir.

Onu da qeyd edək ki, bu arada komitə sədrinin müavini Elçin Əsgərovu da arasaq da, onun da telefonunun dəstəyini qaldıran olmadı.

Xatırladaq ki, bir qədər öncə DQİDK-nin sədr müavini E.Əsgərov məscidin taleyi ilə bağlı “Trend” İA-nə açıqlama vermişdi. Onun sözlərinə görə məscidin təmir-tikinti işləri tam başa çatdırıldıqdan sonra Allah evi inanc əhlinin ixtiyarına veriləcəkdir. Məscidin sökülməsi haqqında söhbətləri sədr müavini qətiyyətlə təkzib etmişdi.
 
  • Yazılıb
  • da (də) 2009 Jul 01