Tarix : 2011 Jan 07
Kod 20547

Hacı İlqar: “Dünyada ən çox qalmaq istəyənlərin də bir gün qapısı döyüləcək və onlardan əməllərin...

İmam Səccad (ə) buyurur: “Çox təəccüblüdür mənim üçün o şəxs ki, bu fani dünya üçün çalışır, lakin, əbədi axirəti tərk edir və unudur
Azerbaijan servsi/Aran agentliyi

“İmamın (ə) təəccübü var insana ki, müvəqqəti yer üçün çalışdığına rəğmən, axirəti unudur...”

"Artıq neçənci ildir ki, Məhərrəm-Səfər əyyamı xurafat dolu qondarma “novıy qod” ilə üst-üstə düşür. Allaha həmd olsun ki, İmam Hüseyn (ə) əzadarları bu illər ərzində həmin gündə Əba Əbdillah (ə) ilə həmahəngliklərini daha da bariz şəkildə nümayiş etdirir və əzadarlıq məclisləri qururlar". Bunları İçərişəhər “Cümə” məscidinin imam-camaatı, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu 31 dekabr 2010-cu ildə düzənlənmiş əzadarlıq məclisində xütbəsi zamanı bildirib.

BİR GÜN HAMININ QAPISI DÖYÜLƏCƏK


Bu günlərin İmam Səccada (ə) aid olmasına işarə edən xətib, tədbiri o Həzrətdən mübarək buyuruşla təbərrükləndirdi: “İmam Səccad (ə) buyurur: “Çox təəccüblüdür mənim üçün o şəxs ki, bu fani dünya üçün çalışır, lakin, əbədi axirəti tərk edir və unudur".
İmamın (ə) təəccübü var insana ki, müvəqqəti yer üçün çalışdığına rəğmən, axirəti unudur. Bəzən insanlar hər şeylərini - malını, pulunu, sərvətini, yaşayışını, günlərini dünya üçün sərf edir. Eyni zamanda heç kəs bu dünyanın müvəqqətiliyinə şübhə etmir. Dünyada ən çox qalmaq istəyənlərin də bir gün qapısı döyülüb və bu dünyanı tərk ediblər. Hər ağlı yerində olan şəxs bu dünyanın müvəqqəti olduğunu dərk edir. Amma eyni zamanda insan səhərdən axşama qədər vaxtını bu dünyada mövcudiyyətini təmin etmək üçün çalışır. Elə İmamı (ə) da təəccübləndirən budur”, - deyə ilahiyyatçı-filosof hədisin şərhində bu məqamlara toxundu.

HİCABI QADAĞAN EDƏNLƏR – DÜNYASINI ƏBƏDİ OD QAZANMAĞA HƏSR EDİR


Dünyanın müvəqqətiliyinə işarə edən Hacı İlqar, hicaba qarşı qadağalar tətbiq edənlər üçün də bir gün dünya həyatının sona çatacağını xatırladıb: “Dünyanın müvəqqətiliyi vəzifəsindən, tutduğu rütbədən, sosial durumundan asılı olmayaraq hamı üçündür. Misal üçün, indi hicabı qadağan edənlər, əbədi yaşamayacaqlar. Amma bu müvəqqəti dünyada nə ilə məşğuldurlar? Özləri üçün cəhənnəm odu qazanmaqla məğuldurlar. Onlar özləri cəhənnəm qazanırlar. İşarə etdik ki, İmam (ə) əbədi evlərini dünyaya satanlara təəccüblənir. Hicabı qadağan etmək istəyənlər məhz belələrindəndir”.

“XARİCDƏN GƏLİR” MÖVZUSU NECƏ DƏ KƏRBƏLANI XATIRLADIR


Kərbəla məktəbinin yaşadılmasının əbədi və müvəqqəti dünyaları dərk etmək üçün ən gözəl məktəb olduğunu vurğulayan xətib, bu məqamı önə çəkdi: “İmam Hüseyn (ə) məclislərinin mənası da elə budur ki, bu məclislər bizə iki dünyanın fərqini öyrədir. İmam Hüseynin (ə) karvanında olanlar əbədi dünyanın mahiyyətinə varıblar və onun üçün çalışıblar. Əksinə, yezidin (lən) tör-töküntüləri isə, o zaman müvəqqəti dünya üçün çalışmış və hər şeylərini ona satmışlar. Bu gün də tarix davam edir. Günümüzdə də bəzi insanlar İslamı, onun atributlarını aradan aparmaq, cəhənnəm odunu qazanmaq üçün sanki növbəyə dayanıb. Adam var, xeyri dəymir, bacarmır, gücü çatmır və ya qorxur - heç olmasa sussun, danışmasın! Amma o kəs ki, açıq-aşkar İslama qarşı çıxır və üstəlik uydurub deyir ki, filan şey İslamda da belədir, bu azmış kimi, İslamın hicab kimi müqəddəs kateqoriyaları üçün də “xaricdən gəlmə” kimi böhtanlar atır - özü üçün əbədi əzab qazanar. “Xaricdən gəlmə” deyəndə, necə də Kərbəla yada düşür! “Xaricdən gəlmə” - təzə söz deyil. Kərbəla müsibətində Həzrət Peyğəmbər (s) ailəsi üçün işlədilən bir sözdür bu. Namaz da xaricdən gəlir? Xanım Zəhranın hicabı da xaricdən gəlib? Ayıbdır”.

HİCABI QADAĞAN EDƏNLƏR – “NƏFƏS ALMA!” DEYİR


“İndi biriləri deyir ki, dindarlar nə istəyirlər? Axı, dindarın kiminlə nə işi var idi? Başını salıb öz işi ilə məşğul idi. Gəlib məscidini sökdülər, durub dedi ki, məscidimi sökmə. İndi gəlib hicabını qadağan etmək istəyirlər - dindar da deyir "bəs balam nə etsin?!". Dindar üçün bu problem yaradılana qədər, o kimə narahatçılıq yaradırdı? Özləri ortalığa belə bir məsələ çıxardıblar, indi dindarları da suçlayırlar. Gəlib dindara deyirlər ki, nəfəs alma. Deməyirlər ki, “dağ havası ilə nəfəs alma”, deyilir: “ümumiyyətlə nəfəs alma!”. Hər bir düşünən insan başa düşür ki, bu, mümkün deyil. Qanun var, qayda var, uşaq Quranın dediyi formada təhsil almalıdır. Ona deyəndə ki, təhsil alma, elə bil deyirsən ki, nəfər alma. Nəfəs almağa qoyulmayan insan da durub etiraz edəndə, deyirlər ki, xaricdən sifariş alır. Bunun xariclə nə əlaqəsi?”, - deyə Hacı İlqar dindarlara qarşı yersiz iradlara işarə edərək bildirdi.

DÜNYANIN HƏR YERİNDƏ MÜSƏLMANLARIN RUHİYYƏSİ EYNİDİR


Xətib, çıxışı zamanı “Mavi Mərmərə”də şəhid edilmiş gənc Furqanın atasının, gəminin qarşılanma mərasimində etdiyi çıxışına və bunun müsəlmanın ruhiyyəsini bariz şəkildə ortalığa qoyan nümunə olmasına da toxunub: “Mavi Mərmərə gəmisinin qarşılanması zamanı, gəmidə qətlə yetirilmiş ən gənc şəhidin atasının bir çıxışı oldu. Bu çıxışı dinləyən adam başa düşə bilər ki, müsəlmanın ruhiyyəsi nə deməkdir. Müsəlmanların ruhiyyəsi hər yerdə bu cürdür. Xaricdən gətirilməyə ehtiyac yoxdur. Şəhid Furqanın atası çıxışında bildirdi ki, “bizdə bir misal var: köhnə şeylərdən hədiyyə etməzlər. Allahım, mən Sənə yeniyetmə, növcəvan balamı hədiyyə etdim! Qəbul et bu hədiyyəmi!”. Müsəlmanların belə bir ruhiyyəsi var. Şəhid Furqanın atasını görəsən hansı xarici öyrədib?”.

XOCAHƏSƏN DİNDARLARI MƏKTƏB ŞÜŞƏLƏRİNİ TƏMİR ELƏTDİRƏNLƏRDİR


Hacı İlqar Xocahəsəndə dindarların şərlənərək həbs olunması məsələsinə də işarə edib: “Xocahəsəndə 22 hicablı bala var. Onları dərsə buraxmayanda, valideynləri durub etiraz ediblər ki, buraxın dərsə. Xosahəsənlilərə böhtan atıblar və üç nəfəri tutublar ki, guya onlar məktəbin şüşəsini sındırıblar. İki ağsaqqal, bir cavanı həbs ediblər. Biz heç nə demirik, Allah şahiddir və Özü hər şeyi yerbəyer edəcək. Bir müsibətli nöqtə də budur ki, tutulanlardan birinin ailəsi deyir ki, bizim ailəmizin ağsaqqalı, məktəbin şüşəsi sınanda məktəbə şüşə düzəltdirib qoyan adamdır. Bizim kəndin ağsaqqal möminləri şüşə sındıran yox, əksinə kəndi abadlaşdıranlardır. Gör nə müsibət yaşanır...”.

HƏR KƏS İLAHİ MƏHKƏMƏDƏ CAVAB VERƏCƏK


Haci İlqar İbrahimoğlu Qafqaz Müsəlmanları İdarəsinə də çağırış edərək, onlardan hicab probleminin önündə müşahidəçi kimi qalmamağı istəyib: “Hicab qadağasından artıq əlli gündür ki, keçir, ölkənin rəsmi dini qurumu olan Qafqaz Müsəlmanları İdarəsi Moskvada, Gürcüstanda işləri həll edir – lap yaxşı, amma bu məmləkətdə hicab problemi var, bu barədə cəmi bir dəfə, o da bir ay bundan qabaq danışılıb. Müşahidəçi kimi özlərini aparmasınlar gərək. Bu məsələyə sahib çıxmaları lazımdır. Bu məsələdə aydın danışsınlar gərək. Əgər yiyə dururlarsa - dursunlar, əgər yiyə durmurlarsa, elan etsinlər ki, Azərbaycanda belə bir qurum əslən mövcud deyil, camaat da işini bilsin, heç nə ummasın. İşimiz yoxdur, həcc necə oldu, zəvvarların sayı niyə aşağı düşdü, niyə bu məmləkətdə müsəlmanların işləri inkişaf etmir və s. Amma gəlib möminlərin vacibatlarını yaşatmağa imkan verməyəndə, müşahidəçi qalmasınlar buna gərək. Belə bir imkan yoxdur.
Hamı bu dünyanı tərk edəcək. Bilinmir, kimin beş ili, kimin on ili qalıb. Amma necə gedəcəyik?! Hicab - Quranın əmridir. Bu məsələyə aydınlıq gətirilməlidir. Məmurlar durub hicab haqqqında danışanda, müctəhidin, mərcenin sözünün qarşısında söz deyəndə, səslərini çıxarsınlar gərək. Durdursunlar dinə dil uzadanları. Axı əgər belə bir qurum varsa, bu işlər üçündür. Mövqe sərgiləməlidirlər. Hamı İlahi məhkəmənin qarşısında duracaq”.

Hazırladı: Novruzəli Əziz

  • Yazılıb
  • da (də) 2011 Jan 07