Hacı Şahin birinci xütbəsini İslam dininin mükəmməliyinə, bu dinin tələblərinə riayyət etmək səviyyəsinə və bacarığına görə müsəlmanların fərqli dərəcələrə malik olmasına həsr etdi
Azərbaycan servisi/Aran agentliyi
Bu gün "Məşhədi Dadaş" məscidinin Cümə namazının xətibliyini Hacı Şahin Həsənli icra edib.
İslam-Azeri.az internet qəzetinin xüsusi müxbirinin verdiyi məlumata görə, o, özünü və namaz iştirakçılarını əvvəlcə ilahi təqvaya riayət etməyə dəvət edib.
Hacı Şahin birinci xütbəsini İslam dininin mükəmməliyinə, bu dinin tələblərinə riayyət etmək səviyyəsinə və bacarığına görə müsəlmanların fərqli dərəcələrə malik olmasına həsr etdi.
İmam Cümə bildirdi ki, hər kəs İslama bacardığı qədər riayyət etməli, eyni zamanda daha yüksək zirvələri fəth etmək üçün səylərini əsirgəməməlidir: "Peyğəmbər (s) İslam dinini bəyan edəndə, o zamanın insanlarının səviyyəsi çox aşağı idi. Amma onların sırasında İslama kamil şəkildə əməl edənlər də var idi: Əbuzər, Miqdad, Səlman. İndi də insanlarda potensial var. Amma Allah insanlara möhlət verir. İmam Zaman (ə.f.) gələndə İslama tam kamil şəkildə riayyət olunacaq".
Hacı Şahin daha sonra Kərbəla hadisələriylə zəmanəmiz arasında paralellər cızmağa çalışdı: "Bəzi insanlar var ki, onlar zəif deyillər, onlar xəstədilər. Belələri zəiflərdən istifadə edib dini dəyişdirməyə çalışırlar. Məsələn, Yezid öz qoşununu Mədinəni qarət etməyə göndərir. Burda da cinayət törədən müsəlmanlar hesab edirlər ki, möminlərin əmirinin göstərişlərinə riayyət edirlər, Allahın savabını qazanırlar. Yəni Yezid özünü Allahın nümayəndəsi kimi təqdim edir, adamlar da buna görə onun əmrlərini həyata keçirirlər".
Ardından Hacı Şahin Kərbəla qiyamına aparan tarixi yola nəzər salıb: "Peyğəmbər (s) ümmətin həm dünya, həm də dini məsələlərini həll edirdi. Allah da Peyğəmbərdən sonra bu haqqı konkret şəxsə tanımışdı. O da həm dünya, həm də dini məsələləri həll etməliydi. Amma belə olmadı. Peyğəmbərin vəfatından sonra başqalarını seçdilər. Nəticədə də Allahın dini təhrif edilirdi. İmamlar da görürdü ki, insanlar onlara rəhbərlik etmələrini istəmirlər. Amma din də təhrif edilsə belə, tam aradan getmir. Buna görə səbr edirdilər. Lakin növbə Yezidə çatanda, artıq məsələ başqa cür olur. Burda dinə açıq həqarət edilir. İmam Hüseyn (ə) da deyir ki, "mən qanımla dinin itirilmiş hörmətini qaytaracam". İmamın qanı töküldü, lakin dinin də hörməti bərqərar oldu. Artıq gələcək xəlifələr insanların dininə əl uzatmağa cürət etmədilər. Artıq sonrakı İmamlar dinin təbliğiylə məşğul ola bildilər".
İmam Cümə daha sonra İmam Hüseyn (ə)-ın nə üçün məhz küfəlilər tərəfindən şəhid edilməsi məsələsinə aydınlıq gətirdi: "İmam Əli (ə)-ın müxtəlif düşmənləri var idi. Ətrfında isə zəif müsəlmanlar idi. Əli (ə) bu zəiflərlə vuruşmadı. Yekunda məhz bu müsəlmanlar Kərbəlada İmam Hüseyn (ə)-ı şəhid etdilər. İmam Əli (ə) dua etdi ki, "Allahım, məni bunlardan al". Rəbbimiz də aldı Əlini (ə). Allah bu zəif müsəlmanları Həzrət Əliyə (ə) etdikləri əziyyətlərə və xəyanətlərə görə dərhal məhv etmədi. Onlar bu dünyada ən dəhşətli cinayətə imza atmaqla, Cəhənnəm əzabına düçar oldular. Hərçənd, Kufə İmam Əli (ə)-ın şəhəri idi. Məhz bu şəhərin əhalisi İmam Hüseynə (ə) məktublar yazaraq, onu dəvət etmişdi. Kərbəlada İmam Əlinin (ə) qoşununun sərkərdələri Yezidin sərkərdələriydilər. Allah Kərbəlada din iddiasında olan zəif dindarları rüsvay edir. Allah demək istəyir ki, "bu din iddiasında olan zəif dindarlar fürsət düşsə qeyri-dindarlardan da betər olurlar". Burda bizim üçün böyük dərslər var. Allah sözdə Əlini (ə) sevib, sonra Hüseyni (ə) şəhid edənlərin timsalında zəif möminləri fişa edir, onlar Yeziddən də betərdilər".
Birinci xütbəsinin sonunda Hacı Şahin Həsənli gündəmdə olan hicab qadağasına toxundu. Bildirdi ki, bu məsələnin həll edilməsi üçün həm özü, həm də QMİ sədri Hacı Allahşükür Paşazadə səy göstərirlər. İmam Cümə bildirdi ki, bu problemin həll edilməsinə dair bədbinliyə qapılmaq lazım deyil. Çünki potensial hələ tükənməyib və inşallah, məsələ həllini tapacaq.
İkinci xütbəsində Hacı Şahin Həsənli Kərbəla faciəsindən sonra baş verən hadisələrə, İmam Səccad (ə) və Xanım Zeynəbin (ə) fədakarlığından söz açdı.