Tarix : 2014 Sep 30
Kod 44154

Biləsuvarda Azərbaycan qanunları işləmir

Rayona xüsusi mülkü kimi baxan, bütün gəlirli sahələri nəzarətə alan Mahir Quliyevin əməlləri artıq yuxarı dairələrindən də diqqətinə düşüb

Arannews- Hər bir ölkənin inkişafı ilk növbədə onun regionlarının sosial-iqtisadi inkişafı ilə birbaşa olaraq bağlıdır. Sovet İmperiyasının dağılmasından və Qarabağ münaqişəsinin başlanmasından sonra müharibəyə cəlb olunan Azərbaycan iqtisadi baxımdan çətin vəziyyətə düşdü. Bu ilk növbədə iqtisadiyyatın bütün sahələrində baş verən tənəzzüldə özünü göstərməyə başladı. Lakin, aparılan davamlı islahatlar nəticəsində bu gün ölkəmiz regionun ən güclü iqtisadiyyatına malikdir. Təbii ki, bütün bunlar bütün sahələrdə olduğu kimi, regionların da iqtisadi-siyasi inkişafında özünü göstərir.

Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi, bölgələrdə təsərrüfat həyatının canlanması üçün xüsusi dövlət proqramları qəbul edilib və kifayət qədər maliyyə vəsaiti ayrılıb. Lakin, rayonlarda hökm sürən korrupsiya halları çox vaxt bu proqramların həyata keçirilməsinə mane olur. Məmur özbaşınalığının pik həddə çatdığı, insanların hüquqlarının tapdalandığı belə bölgələrdən biri də Biləsuvar rayonudur.

 

Büdcə vəsaitlərinin “qaranlıq taleyi”

Biləsuvar rayonu İranla sərhəddə yerləşən və strateji əhəmiyyət daşıyan bir yaşayış məntəqəsidir. Normal dövlətlərdə belə rayonların rəhbərliyi daha ayıq-sayıq, çevik, təcrübəli olmalı, operativ işləməlidir ki, hər hansı xoşagəlməz olay, təxribat baş verməsin, dövlətçiliyə zərər verə biləcək digər hadisələr yaşanmasın. Lakin, bu gün rayonda icra başçısı və onun “yenilməz batalyonunun” apardığı siyasət nəticəsində narazılıq dalğası güclənir. Biləsuvarın icra başçısı Mahir Quliyev haqqında ən çox şikayətlər olunan məmurlar arasında liderlər qrupunda qərarlaşıb. Rayona xüsusi mülkü kimi baxan, bütün gəlirli sahələri nəzarətə alan Mahir Quliyev əməlləri artıq yuxarı dairələrindən də diqqətinə düşüb.

Bir müddət əvvəl Hesablama Palatasının dövlət büdcəsinin investisiya xərclərinin auditi zamanı Biləsuvar Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən Biləsuvar-Əsgərabad-Aşağı Cürəli-Amankənd-Ağalıkənd-Ovçubərə avtomobil yolunun, habelə obyektlərin təmir-tikintisinə ayrılan vəsaitin istifadəsində qanunsuzluqlar aşkarlandı. Məlumata görə, audit zamanı avtomobil yolunun smeta dəyərinin şişirdildiyi, əsaslandırılma aparılmadan podratçıya artıq vəsaitin ödənildiyi aşkar olunub. Həmçinin Nazirlər Kabinetinin sərəncamının tələblərinə riayət edilməyərək limitdən artıq vəsait sərfinə yol verilib.

Audit zamanı büdcənin ehtiyat fondundan bir sıra obyektlərin təmiri üçün ayrılan 7,6 milyon manatın uçota alınmadığı da müəyyən edilib.

Qeyd edək ki, dövlət büdcəsindən Biləsuvar rayonuna ayrılan maliyyə vəsaitlərinin təyinatdan kənar istifadə edilməsi ilə bağlı indiyə qədər dəfələrlə məlumat yayılıb. Rayonda baş verən qanun pozuntuları haqqında birinci dəfə yazı getsəydi, qarşı tərəfin gətirdiyi arqumentləri əsaslı hesab etmək olardı. Lakin faktiki vəziyyət rayonda işlərin qaydasında getmədiyini göstərir.

 

“Dərdimizi kimə deyək ?”

Rayonda hökm sürən özbaşınalıqlar, məmurların vətəndaşların problemlərinə biganəliyi biləsuvarlıları cana yığıb. Öz problemlərinin həlli ümidi ilə İcra Hakimiyyətinə üz tutanlar Mahir Quliyevi tapmaqda çətinlik çəkirlər. Rayon sakinləri bildirir ki, "İcra başçısını rayonda tapmaq, onun qəbuluna düşmək müşkül məsələdir. Əhali sosial problemlərin heç birindən qurtulmayıb. Bazarın qarşısından uzanan yoldan maşınla keçmək mümkün deyil. Sürücülərin şikayətini isə dinləyən tapılmır. Əkinçiliklə məşğul olan kəndlilər maddi cəhətdən və texnika sarıdan əziyyət çəkir. Onlar üçün nəzərdə tutulmuş dövlət proqramları işləmir. Hazırda rayonda vətəndaşlara icarəyə verilmiş dövlət torpaqlarında ayrı-ayrı adamlar əkinçiliklə məşğuldur. Vaxtilə Muğam Teatrı kimi fəaliyyət göstərən bina hazırda yoxdur. Onun yerində mağaza tikiblər. Kimə şikayət edirsənsə də baxan yoxdur. Bilmirik dərdimizi kimə deyək? ", deyə sakinlərin şikayətində qeyd olunur. Əldə etdiyimiz başqa bir məlumatda isə bildirilir ki, Biləsuvarın sosial-iqtisadi inkişafından ötrü ayrılan büdcə vəsaitləri rayon rəhbərliyində təmsil olunan şəxslər arasında pay-püş edildiyinə görə abadlaşdırma işləri yerli sahibkarlar tərəfindən aparılır. Verilən məlumata əsasən, Mahir Quliyev rayona icra başçısı təyin edilən gündən iş adamlarının günü yoxdur. Başçı onlara tez-tez müxtəlif işlər tapşırır ki, bu da sahibkarların büdcəsinə ziyan vurur. Bu kimi məsələləri nəzərə alsaq, Hesablama Palatasının Biləsuvar RİH-də keçirdiyi yoxlamaların nəticəsinin şəffaf olduğunu söyləmək olar. İndi əsas iş Korrupsiyaya qarşı Mübarizə İdarəsinə və digər aidiyyəti qurumların üzərinə düşür. Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları RİH-in son üç ildəki fəaliyyətini yoxlasalar, çox güman ki, bir sıra qaranlıq məqamlara aydınlıq və Mahir Quliyevin vəzifədən çıxarılması məsələsi gündəmə gələ bilər.

 

Limon, narıngi və sarımsaq…

Rayon camaatının torpaq problemi də var. Əkinçiliklə məşğul olan kəndlilər maddi cəhətdən və texnika sarıdan əziyyət çəkir. Onlar üçün nəzərdə tutulmuş dövlət proqramları işləmir. Hazırda rayonda vətəndaşlara icarəyə verilmiş dövlət torpaqlarında ayrı-ayrı adamlar əkinçiliklə məşğuldur. Adı icarə müqaviləsində olan şəxsləri isə yaxına belə buraxmırlar. M.Quliyev icra başçısı təyin olunandan sonra rayonda özü üçün 1000 hektardan çox torpaq sahəsi ayırıb. Orada taxıl, qarpız və sarımsaq əkdirir. Onunla yanaşı müavinlər və şöbə müdirləri də ənənəvi şəkildə torpaqları ələ keçiriblər. Şoran torpaqlarda əkinçiliklə məşğul olmağın heç də asan olmadığını bildirən biləsuvarlılar dövlət proqramlarından yararlanmaq istəyir. Amma kimsə onların müraciətlərinə əhəmiyyət vermir.

Hələ Astarada icra başçısı işləyərkən yerli əhalinin narazılığı ilə üzləşən Quliyev hazırda eyni əməlləri Biləsuvarda davam etdirir.

Rayon sakinləri bildirilir ki, Mahir Quliyev Astarada icra başçısı olarkən topladığı vəsaitin əhəmiyyətli hissəsini bu rayonda limon və narıngi bağlarının alınmasına yönəldib. Və başçı bütün pullarının həmin bağların inkişafına yönəldib. Buradan il ərzində toplanan məhsul isə Rusiya bazarlarına göndərilir.

Sakinlər bildirir ki, bu hal onları o qədər də narahat etməzdi. Əgər Mahir Quliyev hazırda Biləsuvar bazarına ondan icazəsiz limon və narıngi gətirilməsinə yasaq qoymasaydı. Məsələ burasındadır ki, Biləsuvar bazarında da limon və naringi satışı icra başçısının inhisarındadır. Yəni, bu məhsulların kənardan gətirilməsi mümkün deyil.

Bundan başqa, Biləsuvarda fermerlər ciddi problemlər yaşayır. Fermerlərə dövlət xətti ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ayrılan vəsaitlərin əksəriyyəti Mahir Quliyevin rayonda yaratdığı şəxsi fermalarına yönləndirilir. Bu yolla fermerləri işdən və gəlirdən məhrum edən İH başçısının hərəkətlərindən cana doyan yerli sakinlər artıq narazılıqlarını açıq şəkildə bildirməyə başlayıblar.

 

Məhv olan təhsil və “xəstə səhiyyə” sistemi

Rayon sakinlərinin verdiyi məlumata əsasən, Biləsuvarın təhsil sahəsi də Mahir Quliyevin ən gəlirli sahələrindən biridir. Məlumata görə, icra başçısı təhsil şöbəsinin müdiri ilə əlbir olaraq davamlı şəkildə dövlət vəsaitlərini “silməklə” məşğuldurlar. Məsələn, güya məktəblərdə şagirdlərə əlavə məşğələlər keçirilməsi adı altında büdcədən vəsait ayrılır. Halbuki nə belə bir məşğələ var, nə də ki, o məşğələyə gələn. Çünki şagirdlər süpürgə pulu, “remont pulu” və s.pulların ucbatından dərsə gəlmirlər. Mahir Quliyevin fəaliyyəti nəticəsində biləsuvarlılar elə günə düşüblər ki, heç övladlarını məktəbə göndərmək üçün dəftər-qələm almağa da pulları çatmır. Digər tərəfdən isə bəzi mənbələr Biləsuvar rayonunda dövlət tərəfindən ayrılan sosial yardımların da yoxsul, imkansız ailələrə deyil, vəzifə sahiblərinin yaxın qohum-əqrəbalarına yazılıb, onlarla yarı bölündüyünü vurğulayırlar.

Bununla belə daxil olan məlumatlarda bildirilir ki, rayonun səhiyyə sahəsi bu gün xüsusilə acınacaqlı haldadır. İcra başçısının səhiyyə və mədəniyyət işləri üzrə müavini Mirnəsib Kazımov və Mərkəzi Xəstəxananın baş həkimi Şamil Cəfərov xəstəxanada elə bir qanun qoyublar ki, bir bura düşən sevinir, bir də çıxan. Qeyd olunur ki, bu sahəni də tamamilə öz nəzarətinə götürmüş Mahir Quliyevin göstərişi ilə rayon səhiyyəsində sürəkli maxinasiyalar həyata keçirilməkdədir. Məlumatlarda bildirilir ki, Biləsuvar rayon mərkəzi xəstəxanasında Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Hətta vərəm və şəkərli diabet xəstələri belə pulsuz dərmanla təmin olunmurlar. Yalnız bir neçə adda ucuz və az effektli həb preparatları xəstələrə pulsuz verilir. Xəstəxanada müalicə alan xəstələr adətən sağalmır, əksinə vəziyyətləri daha da ağırlaşır. Çünki xəstəni həkimlər elə bir kökə salırlar ki, zavallı xəstələr xəstəxananı qoyub qaçmalı olurlar. Ya da ki, ev-eşiklərini satıb müalicələrini davam etdirməlidirlər. Xəstəxananın təmirinə dəfələrlə vəsait ayrılsa da, nədənsə baş həkim Şamil Cəfərov ayrılan vəsaitləri təyinatı üzrə xərcləməyib. Eyni vəziyyət rayonun uşaq məktəbəqədər təhsil müəssisələrində də müşahidə olunmaqdadır. Mənbənin dediyinə görə, Biləsuvarda uşaq bağçaları adına hər il büdcədən xeyli miqdarda vəsaitlər mənimsənilir. Sənədlərdə bu pulların ərzaqa sərf edildiyi göstərilsə də, uşaqlar yeməyi özləri ilə evlərindən gətirirlər. Daxil olan məlumatlarda müxtəlif səpgili şikayətlər əks olunsa da, ümumi bir fikir bundan ibarətdir ki, rayon rəhbərliyinin yarıtmaz fəaliyyəti bu gün Biləsuvarı Azərbaycanın az qala ən geridə qalmış bölgəsinə çevirib. Məlumatlarda xüsusi olaraq vurğulanır ki, əgər Mahir Quliyev bir-iki il də vəzifədə qalarsa, o zaman Biləsuvarda ümumiyyətlə yaşayış mümkünsüz bir həddə çata bilər. Elə biləsuvarlılar da bunu bildiklərindən indidən həyəcan təbili çalaraq, dövlət başçısı İlham Əliyevdən yardım istəyirlər.

  • Yazılıb
  • da (də) 2014 Sep 30