Tarix : 2016 Feb 12
Kod 47880

Xalq heç vaxt zülmə qarşı mübarizədən yorulmayacaqdır

Fevralın 11-də İranda İslam inqilabının 37-ci ildönümü keçirilir. Bu münasibətlə tədqiqatçı – ruhani Kərbəlayi Qədir Məmmədovun, müsahibəsin təqdim edirik.
AranNews- Fevralın 11-də İranda İslam inqilabının 37-ci ildönümü keçirilir. Bu münasibətlə  tədqiqatçı – ruhani Kərbəlayi Qədir Məmmədovun, müsahibəsin təqdim edirik.
 
- İran İslam İnqilabı haqqında nə düşünürsünüz?  
- İran İslam İnqilabının qələbəsi yeni bir tarixin başlanğıcı idi. Əsrlər boyu şahların və istismarçıların əsarəti altında qalmış bir xalq sonda əsarət zəncirlərin qıraraq 2500 illik şahlıq rejimini tarixin zibilliklərində dəfn etməyə müvəffəq oldu. Bu gün bir millətin tağutun caynaqlarından qurtuluş günüdür. Bu gün mütəal Allahın böyük nemətlərindən olan azadlıq və müstəqilliyin əldə olunduğu gündür. Bu gün səmimi qəlbdən Allaha bağlı olub və canla başla vilayət xəttinə itaət edən insanların şücaət və fədakarlıqlarının anıldığı gündür. Onlar öz canlarını qurban verməklə qanın qılınca və haqqın batilə qələbə çalmasını bir daha bəşəriyyətə sübut etdilər. Allaha inam və bağlılıq onların ən kəsərli silahı idi. Məhz bu inam onları zülm, haqsızlıq və ədalətsizliklərlə mübarizə aparmağa sövq edirdi. Bir sözlə İran İslam inqilabı mütəal Allaha bağlı olan insanların zəhmətlərinin nəticəsi idi.
 
- İslam İnqilabının qələbəsində rol oynayan başlıca amillər nə idi?
- Təbii ki, hər inqilabın baş verməsində bir sıra başlıca amillər olur. Ən əsas amil kimi bu inqilabın İslami və dini dəyərlərə söykənərək baş verdiyini vurğulamaq istərdim. Allah mehvərlilik, İlahi hakimiyyətin bərpası və İlahi qanunların yer üzündə icra olunması bu inqilabın əsas prinsiplərindən idi. İnqilabın memarı Həzrət İmam Xomeyni (r.ə) qələbənin əsas amili kimi. onun Allaha xatir olmasını dəfələrlə öz çıxışlarında bildirmişdir. Mərhum İmam (r.ə.) öz mübarizəsini bu ayə ilə başladı; "De: “Mənim sizə bircə nəsihətim var; Allah üçün iki-iki, bir-bir ayağa qalxın." İmam bu ayənin izahında belə yazır; Həzrət İbrahimi (ə) dostluq məqamına çatdıran, Həzrət Musanı (ə) bir əsa ilə firona qalib edən və Həzrət Muhəmmədi (s) tək başına cahiliyyət adət-ənənələrinə və onların bütlərinə müzəffər edən, onların Allaha xatir qiyam etmələri idi.
Allaha və dini təlimatlara bağlı olan xalq zülm və zalıma qarşı mübarizə aparmağı öz üzərlərində İlahi vəzifə bilərək meydanlara axışdılar. Xalqın zalım rejimə qarşı birləşməsini, inqilabın qələbəsinin başqa bir amili kimi qeyd etmək lazımdır. Bu yolda şəhadəti ən böyük səadət bilən xalq, bütün sıxıntı və çətinliklərə rəğmən tank və topların üzərinə yeriyərək tağut rejimini devirdilər.
İnqilabın rəhbərliyi və öndərliyi onun qələbə çalmasında rol oynayan başqa bir amildir. Həzrət İmam Xomeyninin (r.ə) şəxsiyyəti bu gün dünyada hər bir kəsə bəllidir. İlahi maraqları qarşısında məqsəd qoyan bu böyük insan, İslam İnqilabının sükanını ələ alaraq İlahi qanunların icrasında heç bir güzəştə getmədi.
 
- İslam İnqilabının dünyaya mesajı nədir?
- İslam ruhunun müsəlmanlar arasında yenidən dirilməsi inqilabın ən əsas mesajı idi. Dini təlimatlara söykənən bir xalq heç vaxt zülm və zalıma qarşı mübarizədən yorulmayacaqdır. Yeganə güc və qüdrət mərkəzi olan mütəal Allah insanların gözündə böyüdükcə, özünü güc olaraq göstərməyə çalışan dünya hegemonları onların gözündə kiçiləcəkdir. Bu ruhda tərbiyə olunan xalq hər bir zaman qalib, onların qarşısında durmağa çalışan güclər isə məğlubiyyətə məhkumdur.
 
- Vaxt ayırdığınız üçün təşəkkür edirik.
- Mən də sizə təşəkkür edirəm.

  • Yazılıb
  • da (də) 2016 Feb 12
  • Göndərən مدير سايت Aran News