Mübarək Ramazan ayının şah zirvəsi olan Qədr gecəsi yüzmilyonlarla dünya müsəlmanının hər il yaşadığı ən mühüm hadisələrdəndir.
AranNews, “deyerler.org”-a istinadən xəbər verir ki, Azərbaycandada bu mərasim artıq oturuşmuş ənənə halı almışdır. İçərişəhər “Cümə” məscidinin dini icması hər il olduğu kimi, bu il də geniş tərkiblə Əhya gecəsinin müqəddəs anlarını cəmlə yaşayır.
Tədbirlərin birinci hissəsi İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlunun tematik xütbə oxuması ilə səciyyələnmişdir.
Hacı İlqar İbrahimoğlu Qədr gecəsi və Ramazan ayının mahiyyəti, ikinci Əhya gecəsində şəhadətə qovuşan Həzrət Əlinin (ə) mübarək şəxsiyyəti ətrafında geniş xütbə söyləyib.
Sonra cəmlə ayinlərin icrası mərhələsi başlayıb. Başları üzərinə Qurani-Kərimi qoyan inanclılar, bu gecənin xüsusi əməllərini cəmlə yerinə yetirib. Sonda dualar edilib.
Tədbirin növbəti hissəsi əzadarlıq məclisi ilə davam edib. Yekunda cəmlə "Fərəc" duası oxunub.