Vəliyyi-fəqihin Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Zəncanda təmsilçilərinin Qarabağ hadisələrinə dəstəkləri barədə birgə bəyanatı
arannesw: Qarabağın Azərbaycana aid olmasında, onun Ermənistan tərəfindən işğal edilməsində və bu ərazinin Azərbaycana–Əhli-beyt (ə) ölkəsinə qayıtmasının vacibliyində heç bir şübhə yoxdur. Azərbaycan hökumətinin bu ərazini geri almaq üçün atdığı addım tamamilə qanuni və dinidir, bu addımla BMT TŞ-nın qətnaməsini həyata keçirmək istəyir.
Biz Quran ayələri, məsumların (ə) sünnəsi və İslam inqilabının fəlsəfəsinin tələbinə uyğun olaraq, zülmə məruz qalanları himayə və müdafiə etməyi özümüzə vəzifə bilirik.
Azərbaycan xalqı hamıdan yaxşı bilir ki, İran İslam Respublikası Qarabağ müharibəsi dövründə Azərbaycana ən yüksək dəstək və yardım göstərmişdir, bütün beynəlxalq dairələrdə Azərbaycanın ərazi bütövlüyünü müdafiə etmişdir, Xarici İşlər Nazirliyi də son hadisələrdə bir daha Azərbaycanın ərazi bütövlüyünə təkid etmişdir. Qarabağın işğal olunduğu ilk vaxtlarda əgər İran İslam Respublikasının Azərbaycan Respublikasına dəstəyi olmasaydı, sözsüz ki, bu işğal Bakıya qədər davam edə bilərdi. Hal-hazırda da Azərbaycanın Naxçıvana quru yolu təkcə İran İslam Respublikası ərazisindən keçir və İran bu torpağı səxavətlə Azərbaycanın istifadəsinə vermişdir.
Təəssüflüdür ki, son günlərdə iki dost ölkə arasındakı münasibətləri görmək istəməyən düşmənlər əsassız bəhanələrlə hay-küy qaldırmış, qalmaqal yaratmış və İslam Respublikasını xəyanətdə ittiham etmişdir. Bu məsələ tələb edir ki, biz düşmənin psixoloji müharibə miqyasına həssas yanaşaq və onların məşum niyyətlərinin həyata keçməsi üçün alətə çevrilməyək.
Biz Azərbaycanın son qələbələrini uca tuturuq, Mütəal Allahdan Azərbaycanın böyük xalqının şəhidlərinə ülvi dərəcələr diləyirik və arzu edirik ki, bu döyüş tezliklə haqq sahibinin öz haqqına çatması ilə sona yetsin və bundan artıq qan tökülməsinin qarşısı alınsın.
Çərşənbə, 9 mehr-30 sentyabr, Urmiya
Seyid Həsən Amili, Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə təmsilçisi
Əli Xatəmi, Vəliyyi-fəqihin Zəncan əyaləti üzrə təmsilçisi
Seyid Məhəmmədəli Ali-Haşim, Vəliyyi-fəqihin Şərqi Azərbaycan əyaləti üzrə təmsilçisi
Seyid Məhdi Qüreyşi, Vəliyyi-fəqihin Qərbi Azərbaycan əyaləti üzrə təmsilçisi