“İran Dəmir Yolları”nın keçmiş rəhbəri Azərbaycan-Ermənistan dəmir yolunun bərpasının İran üçün də faydalı olduğunu bildirib.
Arannews :Möhsün Purseyid Ağayi İLNA Xəbər Agentliyi ilə müsahibədə deyib: “Əgər Ermənistanla Azərbaycan arasında münasibətlər yaxşılaşarsa, sülh bərqərar olarsa, İran-Ermənistan dəmir yolu layihəsi aktuallığını itirəcək. Çünki bu halda İranla Ermənistan arasında dəmir yolu əlaqəsinə ehtiyac qalmayacaq. Hesab edirəm ki, İranın iqtisadi diplomatiyası və vasitəçiliyi ilə İran-Azərbaycan-Ermənistan dəmir yolu yenidən bərpa edilə bilər. Bu halda Culfa dəmir yolu marşrutu da yenidən işə düşər və bundan hər üç ölkə faydalanar.”
Möhsün Purseyid Ağayi qeyd edib. “İranla Ermənistan arasında Culfa üzərindən Azərbaycana, oradan da Ermənistana gedən köhnə dəmir yolu var idi. Lakin onun bir hissəsi Ermənistanla Azərbaycan arasındakı müharibə üzündən yararsız hala düşüb. Bununla da üç ölkəni birləşdirən marşrut kəsilib”.
O, İrandan Ermənistana başqa bir dəmir yolunun olmadığını xatırladıb: “Nə qədər ki, Azərbaycanla Ermənistan arasında tam sülh yaranmayacaq, nəticədə bu köhnə dəmir yolu bərpa olunmayacaq, bu əlaqəni bərpa etmək də mümkün olmayacaq”.
İranlı sabiq rəsminin sözlərinə görə, son illərdə yeni dəmir yolunun inşası üçün Ermənistanla danışıqlar aparılıb və İrəvan İranla yeni dəmir yolu əlaqəsinin qurulmasına böyük maraq göstərib. Amma problem ondadır ki, İran bu layihəni təkbaşına həyata keçirmək istəmədi. Tərəflər arasında yeni dəmir yolunun tikintisi haqda danışıqların gedişində məsələ belə qoyulmuşdu: Ermənistan layihənin inşasında maraqlıdırsa, İran sərhədinə qədər dəmir yolunun tikintisini həyata keçirməlidir. Əks halda, İranın iki ölkənin dəmir yolu əlaqəsi üçün çəkdiyi külli miqdarda xərclər faydasız olacaq. Hər halda, həmin illərdə iki ölkə arasında bu layihəyə dair hər hansı saziş imzalanmayıb”.
Bütün bunlarla yanaşı, Möhsün Purseyid Ağayi hesab edir ki, iki ölkə arasında dəmir yolu əlaqəsinə o qədər də ciddi təlabat yoxdur. Başqa sözlə, İranla Ermənistan arasında daşımaların həcmi yeni dəmir yolu xəttinin çəkilişini zəruri etmir.