Xələf Xələfov: Bütün dövlətlər dənizin statusunun həll olunmasında maraqlıdır və bu dövlətlərin hamısı Xəzəri sülh, dostluq, əməkdaşlıq, əmin-amanlıq dənizi kimi görür
Azərbaycan servisi/Aran Agentliyi
Astanada Xəzərin statusuna dair Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun 24-cü iclası başa çatıb. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərliyi ilə nümayəndə heyətinin də qatıldığı tədbirdə Qazaxıstan, Rusiya, Türkmənistan və İranın nümayəndələri iştirak ediblər.
Görüşün birinci günü Qazaxıstanın xarici işlər naziri Marat Tajin iştirakçıları salamlayaraq bildirib ki, iki gün ərzində Xəzərin hüquqi statusuna dair hazırlanan Konvensiyanın maddələri üzərində iş davam etdiriləcək və bir sıra irəliləyişlər əldə olunacaq.
Görüşün yekunları ilə əlaqədar keçirilən mətbuat konfransında nümayəndə heyətlərinin rəhbərləri iştirak ediblər.
Xələf Xələfov bildirib ki, Xəzərin statusu ilə əlaqdar Azərbaycan, Qazaxıstan və Rusiya arasında ikitərəfli və üçtərəfli sənədlər imzalanıb və bu, Konvensiyanın hazırlanmasında baza rolunu oynaya bilər: “Biz Türkmənistan və İranla bu istiqamətdə danışıqlar aparırıq və elə bilirəm ki, bu, öz bəhrəsini verəcək. Bu görüşdə Konvensiya üzərində iş davam etdirilib, bəzi məsələlərdə prinsipial razılıq əldə edilib, elə məsələlər var ki, müzakirə olunur. Xəzərin statusu ilə əlaqədar Konvensiya layihəsində bir çox məsələlər - sərhədlərin müəyyən edilməsi, Xəzərin ehtiyatlarından istifadə olunması, dənizin dibinin bölünməsi, enerji ehtiyatlarının nəqli, təhlükəsizlik, su səthindən istifadə olunması, balıqçılıq məsələləri, dənizin ekoloji vəziyyəti və bir sıra digər problemlələrin həlli bütün Xəzəryanı dövlətlər üçün eyni dərəcədə vacibdir. Bütün dövlətlər dənizin statusunun həll olunmasında maraqlıdır və bu dövlətlərin hamısı Xəzəri sülh, dostluq, əməkdaşlıq, əmin-amanlıq dənizi kimi görür və biz bu istiqamətdə işləyirik”.
Görüşün yekunları ilə əlaqədar rəsmi sənəd qəbul edilib. Xəzərin statusuna dair Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun 25-ci iclası Moskvada keçiriləcək.