Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycan baş prokurorunun iki dəfədən artıq seçilməsinə qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub. Bu barədə APA-ya məlumat Milli Məclis Aparatından daxil olub.Məlumata görə, Milli Məclisin “Prokurorluq haqqında” qanuna dəyişikliklər edilməsi ilə bağlı sənəd Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunub. “Prokurorluq haqqında” qanunun 16-cı maddəsinin 2-ci hissəsindən “Eyni şəxs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının baş prokuroru, Azərbaycan Respublikasının hərbi prokuroru, Naxçıvan Muxtar Respublikası prokuroru vəzifəsinə seçilə bilməz” cümləsinin çıxarılması ilə bağlı təklif müsbət qiymətləndirilərək parlamentin plenar iclasına tövsiyə olunub. Qanun layihəsi Milli Məclisin payız sessiyasının oktyabrda keçiriləcək ilk iclaslarının birində müzakirə ediləcək.
Qeyd edək ki, “Prokurorluq haqqında” qanunda Azərbaycan baş prokurorunun, hərbi prokurorunun və Naxçıvan Muxtar Respublikası prokurorunun seçilməsi ilə bağlı məhdudiyyət var. Belə ki, bu vəzifələrə eyni şəxsin 5 il müddətinə, yalnız iki dəfə seçilməsi mümkündür. Azərbaycanın hazırkı baş prokuroru Zakir Qaralov bu vəzifəyə 2000-ci il aprelin 25-də təsdiqlənib, onun səlahiyyət müddəti gələn il aprelin 25-də başa çatır. Hərbi prokuror Xanlar Vəliyev bu vəzifəyə 2005-ci ilin fevralın 10-da təyin edilib. Naxçıvan Muxtar Respublikasının prokuroru isə Şahverdiyev Səbuhi Zəhmət oğludur.
Əlavə edək ki, “Prokurorluq haqqında” qanuna əlavə və dəyişikliklər bununla məhdudlaşmır. Qanuna təklif olunan digər əlavə və dəyişikliklər ərazi prokurorlarının iki dəfədən artıq seçilə bilməməsi, prokurorluq işçilərinin pensiya təminatının yaxşılaşdırılması və digər məsələlərlə bağlıdır.
Qeyd edək ki, bir neçə gün öncə «Prokurorluq haqqında» qanunun dəyişdirilməsi ilə bağlı baş prokuror Zakir Qaralovun hərəkətə keçdiyini və hətta Milli Məclisin müxalifətçi deputatlarından da dəstək gözlədiyini yazmışdıq. Əlavə və dəyişikliklərin bundan sonra parlamentə göndərilməsi yazdıqlarımızın təsdiqi də sayıla bilər.
Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn dedi ki, bu, son dövrdə aparılan ümumi tendensiyanın növbəti mərhələsidir: “Prezidentin seçilməsi ilə bağlı məhdudlaşdırıcı norma ləğv olunduqdan sonra Azərbaycanda bu məsələnin fəlsəfəsi dəyişdi və artıq məsələ hüquqi təsdiqini tapır. Bundan əvvəl də ombudsmanla bağlı konstitusiya qanunu gəldi və indi prokurorluq haqqında anoloji qərarın qəbulu gözlənilir. Belə görünür ki, bu məhdudiyyətlər ləğv olunacaq. Bu, Azərbaycanın dövlət quruculuğu prinsiplərində baş verən bir dəyişiklikdir. Hesab edirəm ki, bu, strateji olaraq milli demokratik cəmiyyət və dövlətin inkişafını təmin eləyən mexanizmlər üçün fəsadlar törədəcək”. P.Hüseyn qeyd etdi ki, Müsavat deputat qrupu bu layihənin əleyhinə səs verəcək: “Söhbət konkret olaraq baş prokuror vəzifəsindən və yaxud Zakir Qaralovdan getmir. Biz prinsipcə bu tendensiyanın əleyhinəyik. Biz müzakirələr zamanı siyasi mövqeyimizi ortaya qoyacağıq və mövqeyimizi əsaslandıracağıq. Mənim nəzərimdə bu dəyişiklik iqtidarın özü üçün də fəsadlar törədəcək. Çünki bu, kadr məsələsində durğunluğa səbəb olacaq. Bir qayda olaraq avtoritar ölkələrdə müşahidə etdiyimiz komandanın qocalmasını Azərbaycanda da müşahidə edəcəyik”.
“Media forum”un məlumatına görə, “Prokurorluq haqqında” qanuna düzəlişləri nəzərdə tutan layihə ətrafında qəribə ziddiyyətlər yaranıb. Ziddiyyətlərdən biri bu layihənin Milli Məclisin sentyabrın 30-na planlaşdırılan plenar iclasının gündəliyinə nə cür salınması ilə bağlıdır. Qaydaya görə, bu, yalnız parlamentin müvafiq komitəsinin, indiki halda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasından sonra mümkündür. Belə bir iclas olubmu? Həmin iclasda “Prokurorluq haqqında” qanuna əlavə və dəyişikliklər layihəsinə baxılıbmı? Layihənin parlamentin plenar iclasına tövsiyə edilməsi, yəni onun Milli Məclisin gündəliyinə daxil edilməsi qərara alınıbmı? Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Rəfael Cəbrayılov “Media forum” saytına açıqlamasında bildirib ki, komitənin belə bir iclası keçirilməyib: “Kim deyir ki, komitənin iclası keçirilib? İclas sentyabrın 17-nə təyin edilmişdi. Bəzi tədbirlər olduğundan təxirə salındı. Amma komitənin iclası sentyabrın 30-dək keçirilməlidir. Çünki məsələ Milli Məclisin gündəliyinə salınmalıdır”. Deputat Qüdrət Həsənquliyev də “Media forum”a deyib ki, iclas sentyabrın 17-nə təyin olunmuşdu, ancaq keçirilməyib, təxirə salınıb. O da qeyd edib ki, komitə sentyabrın 30-dək toplaşmalıdır, çünki layihəni Milli Məclisin plenar iclasına tövsiyə etmək gərəkdir. Ancaq Q.Həsənquliyev onu da deyib ki, Milli Məclisin sentyabrın 30-na planlaşdırılan iclasının gündəliyini alıb və həmin gündəlikdə göstərilir ki, “Prokurorluq haqqında” qanuna əlavə və dəyişikliklər olunması barədə layihə artıq parlamentin plenar iclasında müzakirə olunacaq məsələlər sırasına daxildir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, deputat Rövşən Rzayev, komitənin üzvləri, deputatlar Azay Quliyev və Fəzail Ağamalı da “Prokurorluq haqqında” qanuna düzəlişlər layihəsini parlamentin plenar iclasına tövsiyə edən hər hansı iclasın keçirilməsi barədə məlumatsızdırlar.