Azərbaycan Servisi/Aran Agentliyi
“Yeni Şərq” AraşdırmalarMərkəzinindirektoru, fəlsəfə doktoruElşənMustafaoğluSalamNews-amüsahibə verib. E.Mustafaoğlu ilə müsahibəni oxucularımıza təqdim edirik:
- Son zamanlar İran, Türkiyə və Azərbaycanın yaxınlaşması və Azərbaycan-ABŞ arasında munasibələrin soyuması müşahidə olunur. Bunu nə ilə əlaqələndirmək olar?
- Bunu ilk növbədə regionda baş verən hadisələr və sözü gedən dövlətlərin milli maraqları ilə əlaqələndirmək olar. Əlbəttə, İran, Türkiyə və Azərbaycan arasında müştərək tarixi və mədəni kökləri, bizim dini və milli bağlılıqlarımızı nəzərə alaraq deyə bilərik ki, biz bir millət, üç dövlətik və bu dövlətlər arasında yaxınlaşma hər üç dövlətin maraqlarına uyğundur. Bu, deyərdim ki, təbii bir haldır. Belkə də dövlətlərimiz arasında yaxınlaşma prosesinin çox ləng getdiyini desək, yanılmarıq. Əslində bizim münasibətlər Avropa dövlətlərinin bir-birilə olan əlaqəsindən daha sıx, daha möhkəm olmalıdır. Hazırda bu istiqamətdə müsbər addımlar atılır və bu, təqdirəlayiqdir. Ümid edək ki, yaxın gələcəkdə Türkiyə-İran-Azərbaycan arasında möhkəm birlik, ittifaq ərsəyə gələcək və bu ittifaq həm bu ölkə vətəndaşlarının, həm də bütövlükdə regionumuzun maraqlarını ifadə edəcək. Niyə də bizim aramızda Avropa İttifaqına bənzər bir birlik yaranmasın ki? Bunun zamanı çatmayıbmı?.. ABŞ-la münasibətlərin soyumasına gəldikdə, bu bir sıra faktorlarla bağlıdır. Burada Ağ Ev administrasiyası ilə Azərbaycan iqtidarı arasında olan münasibətlərdən tutmuş, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinə yanaşması, faktik olaraq, ermənilərə havadarlıq etməsi, 907-ci düzəlişi hələ də ləğv etməməsi, üstəlik, hər il tanınmamış qondarma “Dağlıq Qarabağ Respublikasına” maliyyə yardımı ayırması kimi amilləri sadalamaq olar. İstənilən halda, bütün dövlətlər kimi ABŞ da regionumuzda öz maraqlarını güdür və bir sıra hallarda bu maraqlar bizim milli maraqlarla daban-dabana zidd olur. Bu isə Bakı ilə Vaşinqton arasındakı münasibətlərdə öz təsirini göstərir.
- ABŞ müdafiə nazirinin Azərbaycana səfərini İran ictimayətində necə qarşılayırlar?
- Azərbaycanla ABŞ arasında hərbi sahədə sıx əməkdaşlıq təbii ki, İran ictimaiyyətini narahat edir. İranda deyirlər ki, ABŞ İranın strateji rəqibidir. Başqa sözlə, düşmən münasibətdədir. Ermənistan da Azərbaycanın strateji rəqibidir. İran Azərbaycanın strateji rəqibinə öz ərazisində hərbi sahədə fəaliyyət göstərməsinə şərait yaratsaydı, Azərbaycan ictimaiyyəti narahat olmazdımı? İndi, məsələn, Qəbələdəki RLS-in amerikalıların istifadəsinə verilməsi kimi söz-söhbətlər də iranlıları rahatsız edir. İran istəmir ki, regionda kənar dövlətlərin hərbi birləşmələri, bazaları olsun. Xüsusilə də strateji rəqibi olan ABŞ-ın. ABŞ müdafiə nazirinin də ölkəmizə səfəri bu rakursda dəyərləndirilir. İran ictimaiyyəti hesab edir ki, Azərbaycanın öz ordusunu inkişaf etdirməsi üçün hər bir imkanı var və bu məsələdə Amerikaya ehtiyacı yoxdur. Əksinə, iranlılar hesab edirlər ki, Azərbaycan İranla hərbi sahədə sıx əlaqələr qurarsa, daha qüvvətli orduya sahib olar. Məlum olduğu kimi, İran hərbi sənayesi kifayət qədər güclüdür və durmadan inkişaf edir. İranlılara görə, ölkəmizin bu sahədə İranla əlaqələri qənaətbəxş deyil.
- Qarabağ münaqişəsi hərb yolu ilə həll olunsa, rəsmi Tehran Bakıya necə dəstək verəcəyi barədə nə deyə bilərsiz?
- Birmənalı olaraq, Azərbaycana yardım edəcək. Biz bu sualla İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Borucerdiyə müraciət etdikdə o, qətiyyətlə bildirdi ki, İran Azərbaycana əlindən gələn bütün köməklikləri etməyə hazırdır. Cənab Boruserdi qeyd etdi ki, savaş zamanı İran Azərbaycana hərbi dəstək verib və Azərbaycan işğal olunmuş əraziləri azad etmək üçün yenidən savaşarsa, İran hər cəhətdən ona yardım edəcək. Bu şəxs kifayət qədər ciddi fiqurdur. Digər deputatlar da bildirirlər ki, İran müharəbə vaxtı Azərbaycana həm silah-sürsat, həm də hərbi təlim məsələsində yardım edib və yenidən savaş başlasa, mütləq yardım edəcək. Üstəlik, İrandakı bir sıra nüfuzlu müctəhidlər Qarabağın azad edilməsinin müsəlmanlara vacib olduğunu bəyan edib, müvafiq fətvalar veriblər. İran prezidenti Mahmud Əhmədinejad da açıq bildirib ki, ölkəsi hər zaman Azərbaycanın yanındadır və bundan sonra da yanında olacaq. Zənnimcə, müharibə başlayarsa, İran hərbi sahə də daxil olmaqla, Azərbaycana yardım edəcək.
- İsrailin humanitar yardım gəmilərinə hücumunu nəzərə alaraq, İran və Livanın Qəzza bölgəsinə humanitar yardım göndərilməsini necə qiymətləndirmək olar?
- Əvvəla onu deyim ki, son hadisələr Türkiyə ilə İranı bir qədər də yaxınlaşdırdı. İranda milyonlarla insan Türkiyəyə dəstək nümayişlərinə qatıldı. Və bu hadisə İranın da eyni marşrutla humanitar yardım kampaniyasına qaşulmasına təkan verdi. Hətta İranın İslam İnqilabının Keşikçiləri Korpusunun komandanı bəyan etdi ki, bu qurum bundan sonra yardım aparan gəmiləri mühafizə etməyə hazırdır. Artıq İran bu təşəbbüsə qoşulub və indi İsrail daha ciddi tərəflə üzləşir. İran rəsmiləri bəyan ediblər ki, onlara İsrail tərəfindən zərrə qədər hücum edilərsə, İsraili tapdalayacaqlar. İnanmıram ki, İsrail İran gəmilərinə qarşı nə isə etsinlər. Hər halda, İran bildirir ki, bu addımlardan məqsəd Qəzzanın blokadasını qırmaq və aclıq-susuzluq içində, ağır durumda olan qəzzalıları bu müsibətlərdən qurtarmaqdır. İranlılara görə, İranla Türkiyə əl-ələ versələr, mütləq blokadanı yarmağa nail olarlar. İsrail isə artıq humanitar yardım daşıyan insanları qətlə yetirməyə cəsarət etməz. Hər halda, son hadisələr İranı da hərəkətə gətirdi və zənnimcə, İsrail dəniz quldurluğuyla özünü çox pis vəziyyətə saldı. Ümid edək ki, Qəzzanın blokadası qansız-qadasız götürülsün və bir daha günahsız insanlar qatillərin, terrorçuların, zülmkarların qurbanına çevrilməsinlər...