Tarix : 2013 Jun 03
Kod 38565

İstanbulda qanlı 2 iyun gecəsi

“Gezi” dirənişinin ikinci günü toqquşmalarında minlərlə insan yaralandı; əməkdaşımız İstanbulda polisin bibər qazı, səs bombası və təzyiqli su ilə əyləmçilərə sərt müdaxilə etdiyi aksiyadan yazır
m/Aran agentliyi

İstanbulun mərkəzi yerlərindən sayılan Taksim meydanında sökülən Gezi parkına görə 31 maydan başlayan aksiyalar iyunun 2-si gecə saatlarında da davam etdi. Biz buraya Atatürk hava limanından birbaşa gəldik və dərhal da sanki müharibənin içərisinə düşdük. Türkiyənin müxtəlif şəhərlərindən Taksim meydanına axışan insanlar mərkəzdəki bütün küçələrdə barrikadalar quraraq polisin Gezi parkına tərəf irəliləməsinə mane olurdular. Beşiktaş prospekti və İnönü stadionu tərəflərdə qurulan barrikadaları aşmaq istəyən polislə aksiya iştirakçıları arasında baş verən qanlı toqquşmalar nəticəsində minlərlə insan ağır şəkildə yaralandı.

Beşiktaşda yüzlərlə yaralı təcili yardım gözlədi

Beşiktaş prospektindən Taksimə doğru gələrək aksiya iştirakçılarına dəstək olmaq istəyən qrup polis bloku ilə qarşılaşınca, qarşıdurma yarandı. Polis öncə qaz bombası atdı. Daha sonra havada nəfəs almağı çətinləşdirən kimyəvi bir maddə  havaya püskürdüldü. Qaz maskaları ilə vəziyyətə hazırlıqlı olan aksiya iştirakçılarının üzərinə təzyiqli su püskürdüldü. Bu zaman baş verən qarşıdurma nəticəsində yüzlərlə insan yaralandı. Qaçaqaç nəticəsində su püsgürdən maşının altında qalıb ölümcül yaralananlar da oldu. Lakin polis yerdə yaralı şəkildə yatan insanların üzünə bibər qazı sıxdı. Yaralılara yardım məqsədi ilə çağırılan təcili tibbi yardım maşınları əraziyə buraxılmadı. Hal belə olunca minlərlə qəzəbli insan əllərindəki dəmir, taxta və daş parçaları ilə polisə hücum çəkdi. Aksiya iştirakçıları küçələrdəki “MOBESE” kameralarını qırdı, barrikadaların sayını artırıb, polisin Taksimə doğru irəliləməsinə mane oldu.

Taksim bizimdir...”

Həmin gecə olayların mərkəzi olan Taksimdə də vəziyyət qarışmışdı. Aksiya iştirakçıları tərəfindən hadisəni işıqlandırmağa çalışan media mənsubları fiziki təzyiqlə üzləşdilər. Hökumət yönümlü televiziya kanallarının canlı yayım maşınları yandırıldı. Yoldan keçən avtobuslar saxlanılaraq Taksimə doğru sürüldü. Daha sonra burada həmin avtobusları aşırdıb  barrikadalar qurdular.

31 maydan başlayan olaylarla bağlı “Yeni Müsavat”a danışan fəal aktivistlərdən Mehmet Boğaz bildirdi ki, baş nazir Rəcəb Tayyib Ərdoğanın Gezi parkının sökülərək yerində ticarət mərkəzi inşa etdirməsi  insanları daha da qəzəbləndirib: “Biz baş nazirdən gözləyirdik ki, çıxıb desin ki, dönün evlərinizə, parkı dağıtmayacağıq. Bunu etmədi. Əksinə, öz televiziya kanalları ilə bizə səslənərək dedi ki, o parkın qərarı çoxdan verilib. Gezi parkının yerində ticarət mərkəzi tikiləcək. Taksim bizimdir. İmkan verməyəcəyik ki, Ərdoğan burada ticarət mərkəzi tikdirsin”.

Aksiyaya “Greenpeace” dəstək verir

Gecə saatlarına doğru polislərin Beşiktaşdakı barrikadaları aşaraq Taksimə doğru irəlilədiyi xəbəri gəlincə aktivistlər Takisimin bütün çıxışlarında barikadalar qurdular. Daha sonra Gezi parkını sökən texnikalar yandırıldı. Əraziyə gəlməyə çalışan mülki geyimli polislər döyülərək avtomobilləri yandırıldı. Yemək və içmək sarıdan korluq çəkən aksiya iştirakçılarına beynəlxalq “Greenpeace” təşkilatı dəstək verdi. Çadır, yemək və su paylayan təşkilatın dəstəyi ilə aksiya iştirakçıları səhərə kimi Taksimdə qaldılar.

Dirən Gezi parkı

Davam edən olaylarla bağlı Taksim ətrafındakı bütün mobil operatorların baz stansiyalarında siqnallar kəsildi. İnsanlar açıq “wi-fi” setləri vasitəsi ilə “twitter” sosial şəbəkəsində bir-biriləri ilə xəbərləşməyə başladılar. Yaradılan “Direngeziparkı” haşteqinə milyonlarla insan qoşuldu. Dünyanın müxtəlif ölkələrində yaşayan insanlar Taksimdəki aksiya iştirakçılarına dəstək olmaq üçün bu haşteq vasitəsi ilə onlara mesaj yolladılar.

Aksiya iştirakçıları səhərə kimi Taksimdə gecələdilər. Nəticədə polis barrikadaları aşıb Gezi parkına doğru irəliləyə bilmədi. Havanın soyuması ilə bağlı Taksimin müxtəlif yerlərində böyük tonqallar qalandı. Yardıma ehtiyacı olanlara yemək, su və dərman paylandı. Olayların bu gün də davam etməsi gözlənilir.

***

Son məlumatlara görə,  Antalyada Taksim Gezi Parkındakı olaylara etiraz etmək üçün bütün gecə aksiya keçirənlərlə polis arasında baş vermiş toqquşmalar zamanı 80-dən artıq insan saxlanılıb. Trend-in “Anadolu” agentliyinə istinadən yaydığı xəbərdə deyilir ki, Gazı Bulvarında zibil konteynerlərindən barrikadalar qurmaqla yolu bağlayan aksiyaçılar AKP-nin şəhər təşkilatının qərargahına doğru irəliləyib. Məlumata görə, aksiyaçıların daş və “molotov” kokteyllərindən istifadəsindən sonra polis vəziyyətə müdaxilə edib. Bundan sonra aksiyaçılar Vətən qovşağına qaçıblar və zibil konteynerlərinə od vurublar. Hətta bəzi aksiyaçıların küçədəki xəstəxanalardan birinə girməsi haqqında məlumatların yayılmasından sonra tibb ocağında axtarışlar aparılıb. Polis burada 13 nəfəri gözaltına alıb. Polisin Vətən qovşağında su şırnağından istifadəsindən sonra aksiyaçılar ara küçələrə qaçıblar. Burada isə polis 50 nəfəri saxlayıb.

Aksiyaçılar gecə boyunca Muradpaşa, Konyaaltı və Kəpəzdəki bəzi yerlərdə nümayişlər keçiriblər.

Saat 04:00 radələrində Cümhuriyyət meydanına yığılan aksiyaçılar Antalya Valiliyinin binasını daşlamağa başlayıblar və nəticədə binaya zərər dəyib.

Valiliyin qapılarını dağıtmağa cəhd göstərən aksiyaçılara qarşı yenidən polis müdaxiləsi olub. Lakin aksiyaçılar meydandakı polis kardonunu yara biliblər. Bu dəfə polis aksiyaçıları dağıtmaq üçün havaya atəş açıb. Aksiyaçıları Yavuz Özcan Parkına qədər qovalayan polis burada da 21 nəfəri həbs edib. Aksiyaçılar isə ara küçələrə qaçaraq dağılışıblar. Aksiya səhər saatlarında başa çatıb.

Bu arada Türkiyə prezidenti Abdulla Gül ölkədə baş verən hadisələrlə bağlı bəyanatla çıxış edib. Abdulla Gülün yazılı açıqlamasında deyilir: “Demokratiyaya, plüralizmə və hüququn aliliyinə inanan, bu yolda daha çox məsafə qət etmək əzmində olan Türkiyədə fərqli düşüncələrin, baxışların olması, önəmli mövzularda fərqli mövqelərin, yanaşmaların ortaya çıxması çox təbiidir. Bu, demokratik cəmiyyətin ən böyük zənginliyidir. Əsas önəmli olan məsələ mədəni şəkildə diskussiya apara bilmək, dialoqa açıq olmaq, müxtəlif mövqeləri dinləməkdir. Demokratik cəmiyyətdə etirazlar qayda-qanuna uyğun və sakit şəkildə ifadə edilməli və müvafiq olaraq ölkəni idarə edənlər də fərqli düşüncələrə və narahatlıqlara diqqətlə yanaşmalıdır. Taksimdə bir neçə gündən bəri davam edən və təəssüf ki, dünəndən bəri narahatedici səviyyəyə gələn olaylara son qoymaq üçün hamımız təmkin nümayiş etdirməliyik. Təhlükəsizlik qüvvələrimiz öz vəzifələrini yerinə yetirərkən hər zamankından daha çox həssas olmalı, müdaxilə edərkən adekvat davranmalı və üzücü görüntülərin meydana gəlməsinə imkan verməməlidir. Bu gün səhər baş nazir və digər səlahiyyətli şəxslərlə əlaqə saxlayaraq bu məqamları onlara da söylədim. Sakitliyin təmin edilməsi və məsələnin bizə yaraşan şəkildə müzakirə edilərək nəticələndirilməsi üçün hər kəsin üzərinə düşəni edəcəyinə inanıram

musavat

  • Yazılıb
  • da (də) 2013 Jun 03