Tarix : 2017 May 16
Kod 51704

“Yeni Müsavat” qəzeti iki qardaş ölkənin arasını niyə “vurmağa” çalışır

“Yeni Müsavat” qəzeti iki gündür öz ənənəsinə sadiq qalaraq İranın qeybətini qırmaqla məşğuldur. İki gündür bir-iki məqalə dərc edib iki qardaş ölkənin – İranla Azərbaycanın arasını vurmağa çalışır. Məlum məsələdir ki, İran kimi bir dövlət barədə seçkiqabağı nəsə yazmaq lazım gəlir.
trungo.org-Hacı Rauf qəzetini iki şeylə ayaqda saxlamağa çalışır

“Yeni Müsavat” ənənəsinə sadiq qalaraq İran əleyhdarları tərəfindən oxucu kütləsi qazanmaq naminə özünü İran əleyhinə oda-közə vurub. Amma “siyasət şöbəsi” imzasıyla dərc etdiyi məqalələr sanki siyasət şöbəsində deyil uşaq baxçasında, ya da Əlifba bayramında birinci sinif şagirdləri tərəfindən hazırlanır. Çünki hər iki məqalənin başlığı ilə mətnini müqayisə etdikdə görürük ki, başlığın mətnə heç bir dəxli yoxdur.
Bununla da ibtidai sinif şagirdinə belə məlum olur ki, əslində qəzet bu başlıqlarla diqqət çəkməyə çalışır, yetər ki, oxucuya xəbər maraqlı gəlsin və açıb baxsın.

Məsələn xəbərlərin başlığında deyilir: “İrandan anti-Azərbaycan planı – ilginc ssenari de-şifrə olundu”. Məqalənin başlığı diqqət çəkir, oxucu elə bilir ki, öz qəzetinə tərbiyəsiz şəkillərlə oxucu qazandıran saqqal saxlayan hacı Raufun komandası İran kimi güclü bir dövlətin hansısa bir ssenarisini de-şifrə edib. Digər yazının başlığı bu cür: “Bakı təhdidlərə qarşı – İran təbliğat savaşında uduzur – yeni gəlişmə”. Başlıqda hay-küy salan qəzet yazının özündə nə yeni bir xəbər demir, nə də İranın uduzmasına dair hansısa məsələdən söhbət getmir. “Təhdidlərə qarşı” ifadəsini işlədən qəzetin xəyalındakı Bakıdan danışdığı isə məlumdur.

Hər iki məqaləni oxuyanda isə məlum olur ki, “köhnə hamam, köhnə tas”dır. Yəni söhbət bu məqalələrdə İran-Ermənistan əlaqələrindən, İranda türk dili, güneylilər və s. haqda söhbət gedir. Bu yerdə yadıma sosial şəbəkə paylaşılan maraqlı bir yazı düşdü. Yazının başlığında şou əhlinin diqqətini çəkmək üçün hansısa müğənnidən toy qiymətinin bahalığından yazılıb, bu anda məqaləyə giriş edən şou əhli tam əksinə – əxlaqdan bəhs edən bir mövzu ilə qarşılaşır. Yazının məqsədi isə əxlaqla işi olmayan şou əhlinin diqqətini çəkib ona əxlaqdan danışmaqdır. “Yeni Müsavat”ın bu dəqiqə tam olaraq işi və səviyyəsi bundan ibarətdir. Bununla da məlum olur ki, Hacı Rauf qəzetini iki yolla ayaqda saxlamağa çalışır: tərbiyəsiz qızların çılpaq şəkillərinin reklamı və İslam dövləti əleyhinə çirkin təbliğatla. Zatən aydın olur ki, İslam dövləti əleyhinə danışsa-danışsa özünü tərbiyəsiz qızların çılpaq şəkilləriylə “bəzəyən” qəzet danışa bilər.

Siyasətdirsə, siyasətdə maraq var, dindirsə, dindən sənə nə?

Əlbəttə, “Yeni Müsavat”a dəfələrlə xatırlatmışıq ki, İran-Ermənistan məsələlərinə əgər bir siyasətçi gözüylə baxırsansa (əlbəttə, bu siyasi söhbətlərdir və qəzetin özü bu kimi məsələləri “siyasət şöbəsi”də dərc edir) siyasətdə maraq var, daimi dost yoxdur. Məsələn Amerikanın özündə sağlam adam kimi cəmiyyət tərəfindən qəbul edilməyən Trampı bu gün dünya siyasəti məcbur olub qəbul etməyə başlayıb. Çünki dövlətin birinci dərəcəli kürsüsündə oturub. Yox, əgər İranı İslam dövləti olduğu üçün daha çox qınayırsınızsa İslam dinindən şəxsən “Yeni Müsavat”a nə dəxli var. Axı dəfələrlə xatırlatmışıq ki, qəzetində, saytında əxlaqsız pozalar dərc edən və bununla özünə çörək pulu qazanan bir insan hansı haqla və üzlə İslamdan danışır. Əvvəlcə sən özünü, fikirlərini, gəlir mənbəyini pakla, halal işlə, dinə, milli mentalitetə, milli-mənəvi dəyərlərə sığan işlərlə məşğul ol, sonra özündə İslamdan danışmaq haqqı gör. Qəzetin ənənəvi yazılarına gəldikdə isə bu yazılara cavab verməmək olmur.

İran Azərbaycanın müstəqilliyini 8-ci sırada tanıyıb

Qəzet İranı Azərbaycanın müstəqilliyini gec tanımaqda qınayaraq yazır: “Təsadüfi deyil ki, Tehran Azərbaycan Respublikasının müstəqilliyini 8-ci sırada – hətta Rumıniyadan sonra tanıyıb. İran son ana kimi ümidli idi ki, dünyanın siyasi xəritəsində Azərbaycan adında dövlət peyda olmayacaq. Ancaq oldu. Belə bir dövlət quruldu və bununla da İranın tərkibindəki Güney Azərbaycan amil, ikiyə bölünmüş Azərbaycan problemi Tehran üçün daha çəkindirici bir status qazanmış oldu.” Bəndə şəxsən inanmıram ki, İranın Azərbaycanı 8-ci sırada tanıması qəzeti narahat etsin. Çünki bu dəqiqə “Yeni Müsavat”ın İranı “vurmaqla” gözünə girmək istədiyi bir sıra dövlətlər var ki, Azərbaycanı İrandan sonra tanıyıb. “Novator” saytı Azərbaycan XİN-in rəsmi saytına əsasən dərc etdiyi yazıda Azərbaycanı tanıyan dövlətlərin siyahisini tərtib edib. Bu siyahidə İran 7-ci sırada yer alır. Azərbaycanı İrandan sonra İsrail (8-ci sırada), Böyük Britaniya (9), Birləşmiş Ərəb Əmirlikləri (12), Çin (16), Səudiyyə Ərəbistanı (20), İtaliya (30), Fransa (33), Almaniya (38) tanıyıb. ABŞ (43) və Vatikan (44) isə son tanıyan ölkələrdir. Görəsən nə üçün İranın Azərbaycanı 7-ci sırada tanımasını qeyd edən “Yeni Müsavat” məsələn, dövlətimizi İrandan sonra tanıyan İsrail, ABŞ, Qərb ölkələri haqqında nəsə yazı dərc etmir. Üstəlik yazılarında vəhhabi Ali Səud hökümətini Azərbaycanla əməkdaşlıq və dostluqda İrana nisbətdə daha səmimi hesab edir? Halbuki əgər qəzet səmimidirsə, dövlət qədri biləndirsə, müstəqillik tərəfdarıdırsa min dəfə İranı qınadığı halda bir dəfə İsraili, ABŞ-ı, Qərb ölkələri və Səudiyyə Ərəbistanını qınamalı idi.

İndiyədək kim kimə qənim kəsilib?

Əslində bir qədər keçmişə qayıtdıqda “Yeni Müsavat” qəzetinin timsalında ölkəmizdə türkçülüyü qabardıb farsçılığı onun müqabilində qoyanlar bir qədər keçmiş prezident Əbülfəz Elçibəydən ilham alıb. Hacı Rauf da – indilərdə cəbhəsini yazıçılıq, jurnalistika əməyi, peşəkarlıq bəhanələriylə dəyişməsinə baxmayaraq – bir zamanlar köhnə elçibəyçi olub. Elçibəyin isə İrana, farsa olan münasibəti məlum məsələdir. Siyasətə gəlib siyasətçiyə yaraşmayan sözlər və siyasət işlədib, böyük turanı, türk dövlətlərini, məxsusən Türkiyəni arxasına alaraq İran əleyhinə təbliğata başlayıb. Onun fikrincə Təbrizi almaq Qarabağı almaqdan daha ümdə məsələ idi. Deməli, Hacı Raufun qəzetinin yazdığı heç də doğru deyil. İrannın Azərbaycanla işi olmayıb. Əksinə Elçibəy hökümətinin İranla düşmənçiliyi olub. Bu, müasir tarixdən bir nümunə idi. Üstəlik, Türkiyənin Azərbaycan dostluğu heç də Hacı Raufun düşündüyü kimi deyil. Çünki illər öncə Sovet höküməti Azərbaycanı işğal edəndə Türkiyə Cumhuriyyəti buna göz yumdu. Halbuki Osmanlını devirmək üçün Mustafa Kamal Atatürkün dünya müharibəsində bir neçə dünya dövlətləriylə müharibədə qalib olduğu iddia edilir. Bəs bu cür güclü bir dövlət nə üçün Azərbaycanın işğalına razı oldu?

Elçibəy və onun komandasının bu hərəkəti isə məlum idi. Düşünürdülər ki, farslar türk torpağını işğal edib və qaytarmalıdır. Halbuki tarixə ekskursiya etdikdə görürük ki, bir zamanlar Qacarların tərkibində olan indiki Azərbaycan ərazilərini o zamanlar ilk öncə Gülüstan, on beş il sonra Türkmənçay müqavilələrində bölüşdürən Çar Rusiyası ilə Qacarlar olub. Üstəlik Qacarlar türk sülaləsi olub. Bu gün İranı güneylilər məsələsində qınayan qeyri-səmimilərin sözü varsa Qacarlara ünvanlasın. Amma Qacarlar türk sülaləsi olduğu və bunlar da qeyri-səmimi olduğu üçün bu məsələni gündəmə gətirə bilmirlər.

Bir məsələ də unudulmamalıdır ki, bu gün Azərbaycana dəstək olduğu iddia edilən türklər daha dəqiq Osmanlı imperiyası Gülüstan müqaviləsindən qabaq Çar Rusiyası ilə 1812-ci ildə imzaladığı “Buxarest müqaviləsi”ndə rusların Qafqazı işğalını tanıyıb və Qafqaza olan iddiasından əl çəkib. Cumhuriyyət dönəminin Türkiyəsinin – bir qədər əvvəl qeyd etdiyimiz kimi – Sovetlərin Azərbaycan işğalına göz yummasını da bura əlavə etsək, hansı Türkiyə – Azərbaycan dostluğundan danışmaq olar? (Hətta yeri gələndə İran açıqca elan etməlidir ki, Azərbaycanın da tərkibində olduğu, Hacı Raufun özünə bir zamanlar vətən qərar verdiyi Sovet imperiyası İran ərazilərini işğal edib) Yox əgər müasir türkiyənin dostluğundan söhbət gedirsə, hazırda İran İslam Respublikası da Azərbaycan Respublikası ilə dost ölkədir. Bu, dəfələrlə hər iki ölkənin keçmiş və indiki prezidentləri tərəfindən ifadə edilib.

P.S. Əlbəttə, adı çəkilən qəzetin məqsədi öz lideri olan Elçibəyin ideallarını yaşatmaq deyil, belə olsaydı Elçibəyin Qarabağ müharibəsində İranın kömək etməyə hazır olduğunu, Türkiyənin isə ondan istənilən külli miqdarda pulu verməkdən imtina etməsini dilə gətirməsini bir dəfə də olsa işıqlandırardı. Bu barədə Elçibəyin çıxışı “YouYube” kanalında bu günədək qalmaqdadır. Hətta, o zamanlar hakimiyyətdə təmsil edilən siyasilərdən biri həmin videoda “biz Azərbaycanı ruslara tərk etdik” ifadəsini işlədir.

 
  • Yazılıb
  • da (də) 2017 May 16
  • Göndərən مدير سايت Aran News