Tarix : 2017 Jun 11
Kod 51917

Rusiya aqressivləşir – Bakıya “dil uzadan” Limonovun qorxulu “limonka”sı

Şimaldan Azərbaycana yeni psixoloji təzyiq ; Moskvanı Dağlıq Qarabağdakı separatçı rejimi tanımağa çağıran rusiyalı avantüristi kim danışdırır?; Keçmiş nazir: “Rusiya ona görə narahatdır ki...”
Musavat.Com-Rusiyalı yazıçı, ekstremist-faşist mövqeyi ilə tanınan Eduard Limonovun bugünlərdə Azərbaycanın işğal altındakı ərazilərində olması haqda xəbər verilib. Limonov özünün dediyi kimi, “türklərə nifrət etdiyi üçün” bizim torpaqlara gəlib çıxıb. Daha doğrusu, onun Türkiyə əleyhinə yazılarını oxuyanlar onu Ermənistana, oradan Qarabağa gətiriblər.
 Dünən isə “Svobodnaya pressa” nəşri E.Limonovun Qarabağdan qeydlərini dərc edib. Məlum olur ki, bu faşist rusiyalı siyasətçi qondarma “dqr müdafiə naziri” Levan Mnatsakanyanla görüşüb (virtualaz.org). Daha sonra onu podpolkovnik Armenin və daha iki erməni hərbçisinin müşayiəti ilə təmas xəttinin Gülüstan kəndi istiqamətinə gətiriblər. Limonov erməni səngərindən Gülüstan kəndinə boylanıb, kənddən “ermənilərin qovulduğunu, onun azad ediləcəyi günü gözlədiyini” yazıb.
Yada salaq ki, Gülüstan kəndi neytral zonada yerləşir, hazırda burada yaşayış yoxdur. Rusiyalı ekstremist daha sonra Gülüstan kəndinin əfsanəvi məkan olduğunu yada salıb: “Burada 1813-cü ilin oktyabrında Gülüstan sülh müqaviləsi bağlanıb, hansı ki, fars imperiyası həmin torpaqları - müasir Azərbaycanın bir hissəsini, o cümlədən Qarabağ xanlığını həmişəlik bilirsinizmi kimə verib? Bizə - ruslara, Rusiyaya. Müqavilə Zeyvə çayının sahilində imzalanıb. Və budur, biz həmin kəndin yuxarısındayıq, ona səngərdən baxırıq. Bu tarixi müqavilə barədə dünya unutmağı üstün tutub, hərçənd bu torpaqlar bizim üçün Kuril adalarından daha vacibdir”.
Daha sonra o, Rusiyanı qınayır ki, təvazökarlıq edir, azərbaycanlılara “rədd olun, bu torpaqlar ”müstəqil Qarabağa" bağışlanacaq" demir. Yazır ki, Qarabağ “ən ucqar xristian torpağıdır”, “Qarabağ erməniləri həmişə Rusiyaya sadiq olub”. Və Limonov Rusiyaya məsləhət görür ki, Qarabağı tanısın, nəticədə İrana birbaşa quru yolu açılsın. “Onsuz da sarı nömrəli İran maşınları Qarabağın dağ yollarında o tərəf-bu tərəfə hərəkət edir”, - deyə o qeyd edib.
***
Bir daha xatırladaq ki, E.Limonov ölkəsində müxalifətçi hesab olunur, onun Rusiya Milli-Bolşevik Partiyası ekstremist mövqeyinə görə Rusiyada qadağan olunub. Limonov əvvəllər bir neçə dəfə millətçilərin nümayişini təşkil edib. Lakin bir çoxlarına görə bu şəxs əslində Kremlin imperiya ambisiyaları naminə fəaliyyət göstərir və bir növ Vladimir Jirinovskinin missiyasına bənzər missiya daşıyır. Yəni faktiki şəkildə Kremlin “danışan dil”lərindən hesab edilir.
Təsadüfi deyil ki, E.Limonov Krımın ilhaqı ilə kifayətlənməyib Ukraynanın Donbass vilayətini, ümumiyyətlə, Şərqi Ukraynanı da bütövlükdə Rusiyaya birləşdirməyə çağırır. 2014-cü ildə isə o demişdi ki, Nursultan Nazarbayevin siyasi səhnədən getməsindən sonra Rusiya Qazaxıstanın şimal vilayətlərini özünə birləşdirməlidir.
Bu mənada onun indi də Azərbaycana “dil uzatması” ikiqat diqqət çəkir. Çünki hazırda Bakı-Moskva münasibətlərində, yumşaq desək, xəfif bir sərinlik yaşanır. ÜAK-ın ləğvi bunu bir daha isbatlamış oldu. Üstəlik, Limonovun dedikləri ilə V.Jirinovskinin əvvəllər səsləndirdiyi bəyanatlarla xeyli dərəcədə üst-üstə düşür. Bu da məntiqlidir, ona görə ki, onların hər ikisi eyni mərkəzdən təlimatlandırılır.
Söz düşmüşkən, Jirinovski də “Gülüstan müqaviləsi”ni hər fürsətdə yada salır, Qarabağın Rusiya torpaqları olduğuna eyham vurur. Bu yaxınlarda isə o, Qarabağ məsələsinin “ən asan həll yolunu” tapmışdı. Demişdi ki, Rusiya cənubda öz imperiya sərhədlərini bərpa etməlidir. Və bu zaman heç bir Azərbaycan və Ermənistan olmayacaq, yalnız “İrəvan quberniyası, Bakı quberniyası olacaq”...
**
Beləcə, görünür, Moskvada kimlərsə vaxtaşırı yada salmaq istəyir ki, guya bir vaxtlar indiki Azərbaycan ərazilərini də əhatə edən torpaqlar Rusiyanın olub. Bu, təbii ki, şimaldan Azərbaycana yeni psixoloji təzyiq formalarından biridir. Hasil olan daha bir qənaət budur ki, Moskva Lapşin insidentinə görə Azərbaycana hələ də qəzəblidir. Hərçənd rəsmi Bakı, XİN Aleksandr Lapşin kimi Limonov barəsində də yəqin ki, ölçü götürməyə çalışacaq.
Əlbəttə ki, Rusiya Limonovu tutub Azərbaycana verəsi deyil, ancaq müstəqil Azərbaycanın ona cinayət işi qaldırmaq və nəticədə bəzi problemlər yaratmaq hüquqları, imkanları var. Bundan əvvəl qəfildən Qarabağa “köçüb gələn”, sonra qəfildən geri dönən rusiyalı avantürist, keçmiş milyoner və “pravoslav missioneri” German Sterliqovun nümunəsində olduğu kimi...
***
Ötən yazılarımızda vurğuladığmız kimi, Rusiyanın Azərbaycan qəzəbi həm də Avropa qaz bazarı ilə, tikilməkdə olan Cənub Qaz Dəhlizi ilə bağlıdır. Əksər iqtisadçılara görə, bu kəmər Rusiyanın Avropa bazarında inhisarçılığını minimuma endirəcək. Şimaldan Azərbaycana artan psixoloji təzyiqləri bu mənada da anlamaq çətin deyil.
“On illər boyu Avropanın qaz bazarında hegemonluq edən Rusiya artıq son illər bu bazardakı mövqelərini itirmək üzrədir”. Bu haqda keçmiş maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov yazıb. Ekspertin sözlərinə görə, Avropa Rusiya ilə tərəf-müqabil olmaqdan yorulub: “Elə bu səbəbdəndir ki, qoca qitə daim Rusiyanın qaz asılılığından yaxa qurtarmağın alternativ yollarını axtarır. Bu asılılıqdan yaxa qurtarmağın yollarından biri də Xəzər hövzəsindəki qazın Avropaya çatdırılmasıdır.
TAP xətti ilə başlanğıcda Avropaya nəql ediləcək qazın həcmi ildə 10 milyard kubmetr olacaq. Bu, Avropanın qaz təchizatı üçün o qədər də böyük rəqəm deyil. Lakin məsələnin başqa prinsipial tərəfləri var. Birincisi, ”Şahdəniz 2" qazının Avropa bazarına çatdırılması bu bazarda yeni müstəqil oyunçunun meydana çıxması demək olacaq. İkincisi, bu oyunçu gələcəkdə tək “Şahdəniz 2" yatağından hasil olunacaq qazı deyil, Azərbaycanın başqa böyük qaz ehtiyatları olan yataqlarından hasil ediləcək qazın, eyni zamanda İran, İraq, Türkmənistanın və digər ölkələrin də qazının TANAP və TAP xətti vasitəsilə Avropaya nəqlini reallaşdıra bilər ki, bu da kifayət qədər realdır”.
Demək, Rusiyanın narahatlığına doğrudan da əsaslar var. Ancaq Moskva bu narahatlığı çətin ki, qonşu ölkələri, o cümlədən strateji tərəfdaş adlandırdığı Azərbaycanı psixoloji şantaj yolu ilə aradan qaldıra bilsin. Ən azı ona görə ki, bu kimi iri projelərdə Azərbaycan artıq tək deyil - yanında Qərb, Avropa, ABŞ, Türkiyə var...

Siyasət şöbəsi









  • Yazılıb
  • da (də) 2017 Jun 11
  • Göndərən مدير سايت Aran News