Nardaran məhbusu Sahil Rzalı Rakurs TV-ə yazı göndərib. Yazını olduğu kimi təqdim edirik:
Arannews-Böyük okeanda balaca gəminin sərnişinləri balaca taxta parçasından yapışıb, nicat tapacaqlarını düşünürlər. Sağ qalmaq üçün taxta parçasından yapışanların şansları az olsa da, ümidlərini itirmədikləri üçün alqışa layiqdirlər. Ümidsizcəsinə heç bir hərəkət etmədən, suda boğulub ölməyini gözləyən sərnişinlər isə zəif və ağılsızdılar. Belə bir şəraitdə sağ qalmağa çalışan və başqalarına da yardım edənlər qəhrəman adına layiqdirlər. Yaşadığımız cəmiyyətdə də belədir. Bəziləri insanları xilas etməyə çalışır, digərləri isə heç bir müqavimət göstərmədən "iki ayaqlı canavarlar"la yem olmağı seçir.
İnsanın ən böyük qüsuru, səhvi və həqiqəti olduğu kimi görə bilməməsidir. Bundan da böyük qüsur həqiqəti dərk edib, səssiz durmasıdır. İstər bilərəkdən, istərsə də bilməyərəkdən buraxılan bu səhvlər arzu olunmaz hadisələrlə nəticələnə bilər. Əgər sarmaşıq gülü əhatəyə alıbsa, həqiqəti anlayanlar sarmaşıqları, anlamayanlar isə gülü yox etməyə çalışacaq. Ən böyük problem isə nadanların həqiqət olan gülə əl uzatmalarıdır. Bütün dövrlərdə zülm əhlinin güvənc yeri məhz bu nadanlar olublar. Əgər biz xalqların iflasa uğramalarının səbəblərini araşdırsaq, iki nəticəyə rast gələcəyik. Birincisi zəifçilik, ikincisi isə nadanlıq.
Yuxarıda heç bir hərəkət etmədən suda qərq olmasını gözləyən insanla, həqiqət olan gülə əl uzadan nadan insan misalını bu iki nəticəni üzə çıxarmaq üçün qeyd etdim. Demək nəticə etibarı ilə deyə bilərik ki, bizim əsas problemimiz zəifçilik və nadanlıqdır. Zəifçilik sözü bir cümlə ilə bitmədiyi kimi, nadanlıq sözünündə geniş mənası var. Ümumilikdə bu iki sözün mənasını az-çox bildiyimiz üçün, burada geniş məlumata ehtiyac görmürəm. Bir çox dinlər o, cümlədən İslam dini bu iki xüsusiyyəti məzəmmət edir. Deyir nadanlıq fəlakətdir, zəifçilik isə bu fəlakətə biganə qalmaq, tamaşa etməkdir.
Azərbaycan xalqı olaraq bu iki xüsusiyyəti qəbul etməsək də, əslində çoxdan bu oyuna qoşulmuşuq. Nadanlıq üzündən 25 ildir Qarabağ gözləyirik, torpaqlarımızın hələdə düşmən əlində olması isə zəifçiliyimizin nişanəsidir. Hazırda dünya ölkələrində həm mənfi və həm də müsbət dəyişikliklər baş verməkdədir.
Cəmiyyətə yön verən insanlar qıraqdan bu dəyişiklikləri seyr edib, nəticələr çıxarmalıdırlar. Digər ölkələrdə pis nəticə verən səbəbləri rədd etməlidirlər. Əgər səbəb səhv olsa, nəticədə səhv olacaq. Biz bundan ibrət alıb düzgün nəticə əldə etmək üçün, səbəblərimizi dəyişməliyik, bu, o anlama gəlmir ki, biz dünya ölkələrinin dəyərlərini rədd etməliyik. Xeyr! Mən pis nəticələr verən səbəblərə inteqrasiyanı düzgün saymıram. Azərbaycan xalqının xeyrinə tamamlanan Avropa dəyərlərinə inteqrasiyanı məqbul sayıram. Xalqın ziyanına olan İran, Türkiyə, Ərəb ölkələrinin dəyərlərinə inteqrasiyanı rədd edirəm. Həmçinin də əksinə.
Qeyd etdik ki, cəmiyyəti inkişafdan saxlayan iki əsas səbəb var, biri zəifçilik, digəri isə nadanlıq. Bu iki əngəli aradan qaldırmaq vəzifəsi alimlərin öhdəsinə düşür. Əgər Alimlər müstəqil formada öz təbliğatlarına başlasalar, xalqın inkişafının qarşısını heç bir qüvvə ala bilməz. Belə olsa iki ayaqlı canavarlarda lazım olduqları yerə təcrid olunacaqlar.
Bu məqalənin hədəfi nadan və zəiflərə aid edilsə də, bir çox şeyləri əhatə edir. O cümlədən hər şeyə şübhə ilə yanaşan insanları. Şübhə insanı yəqinə aparan yollardan biri olsada, cəhalətin olduğu yerdə insanı başqa yollara aparır. Vilyam Sekspir deyir: "Şübhələrimiz bizi ələ verir və onların üzündən çox sahib ola biləcəklərimizi bir bir itiririk"....